ELM VƏ TƏHSİL
Milli Azərbaycan Ədəbiyyatı Muzeyi illik hesabat verib
Bakı, 17 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Elmi Şuranın növbəti iclası keçirilib. Muzeyin direktoru, akademik Rafael Hüseynov cari ildə görülən işlər barədə geniş hesabatla çıxış edib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
R.Hüseynov iclasda bildirib ki, rəhbərlik etdiyi müəssisəsinin əsas vəzifəsi Azərbaycan ədəbiyyatı tarixini hərtərəfli öyrənmək, milli ədəbiyyat nümunələrini toplayıb qorumaq, dünya ədəbiyyatı tarixində ədəbi-bədii irsimizin yeri, rolu, əhəmiyyəti ilə geniş kütlələri tanış etmək, həmçinin muzeyşünaslığın inkişafı və elmi-tədqiqat və muzeyşünaslıq sahəsində gənc kadrlar – doktorant və dissertantlar yetişdirməkdir. Qeyd edilib ki, Milli Azərbaycan Ədəbiyyatı Muzeyi elmi-tədqiqat institutu hüquqlu müəssisə kimi AMEA-nın Humanitar Elmlər Bölməsinin tərkibinə daxildir və respublikanın ədəbiyyat təmayüllü muzeyləri arasında baş muzey sayılır.
Vurğulanıb ki, hesabat ilində bu qurumun əməkdaşları əsasən kollektiv keçici tədqiqatlar üzərində işləyiblər. Elmi işlər muzeyin baş planı əsasında 1 istiqamət üzrə - “Azərbaycan ədəbiyyatına və mədəniyyətinə aid materialların toplanması, tədqiqi, elmi fondlarda qorunması, ekspozisiyada və sərgilərdə nümayiş etdirilməsi" istiqaməti üzrə aparılıb. Bu elmi istiqamətdə 2 problem (Azərbaycan ədəbiyyatının tarixi və nəzəri problemləri, muzeyşünaslıq) öyrənilib.
Bildirilib ki, hesabat dövründə AMEA Rəyasət Heyətinin 2018-ci il 15 may tarixli qərarına əsasən muzeyin strukturunda qismən dəyişiklik edilib, muzeyin Xaqani Şirvani adına aran regional şöbəsi aran regional filialı adlandırılıb. Bu il iyulun 6-da muzeyin 17 nəfərdən ibarət Qadınlar Şurası təsis edilib. Bundan başqa, “EBSCO” sirkətinin rəsmiləri ilə aparılan danışıqlar nəticəsində Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin “Risalə” elmi araşdırmalar toplusunun “EBSCO” akademik bazasına daxil edilməsi haqqında muzeyin direktoru R.Hüseynov və “EBSKO” şirkətinin prezidenti Tim Kollins müqavilə imzalayıblar.
Hesabat ilində muzeydə silsilə konfrans, elmi sessiya və yubiley tədbirləri təşkil edilib. İl ərzində 23 nəfərdən ibarət Elmi Şuranın 10 iclası keçirilib. İclaslarda muzeyin elmi-tədqiqat sahəsindəki fəaliyyəti, ekspozisiyanın və fondun zənginləşdirilməsi, kollektiv elmi-tədqiqat topluları üzrə aparılan işlər, yubiley sərgilərinin hazırlanması, müxtəlif kitabların çap edilməsi, muzeyin respublikanın ədəbiyyat muzeyləri ilə əlaqəsi və s. məsələlər müzakirə olunub. Hesabat ilində muzey əməkdaşlarının 10 kitabı, müxtəlif elmi məcmuələrdə, qəzet və jurnallarda 102 məqaləsi (xaricdə 6) çap olunub. Cari ildə 4695 orta məktəb şagirdi və ali məktəb tələbəsi muzeyin ekspozisiyası ilə tanış olub.
Akademik R.Hüseynov bildirib ki, muzeyin bütün ekspozisiya zalları üzrə xüsusi elektron informasiya bazası mövcuddur və hər tamaşaçının Azərbaycan dilindən başqa rus və ingiliscə də həmin məlumatlardan istifadəsi üçün imkanlar yaradılıb.
Hesabat dövründə AMEA Rəyasət Heyətinin müvafiq qərarı ilə elmlər doktoru hazırlığı üzrə doktoranturaya dünya ədəbiyyatı ixtisası üzrə 1 nəfər, fəlsəfə doktoru hazırlığı üzrə isə dissertanturaya Azərbaycan ədəbiyyatı, ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid, dünya ədəbiyyatı, muzeyşünaslıq ixtisasları üzrə 4 nəfər qəbul olub. Eyni qərarla muzeyin elmlər doktoru hazırlığı üzrə dissertanturasına Azərbaycan ədəbiyyatı, fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya isə Azərbaycan ədəbiyyatı, dünya ədəbiyyatı ixtisasları üzrə qəbul həyata keçirilib.
İclasda 2018-ci ildə görülmüş işlərin hesabatı müzakirə edilərək təsdiq olunub.