ELM VƏ TƏHSİL


Milli Azərbaycan Tarixi Muzeyində Zaqatala qalasının fotoneqativi qorunur

Bakı, 19 iyun, AZƏRTAC 

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Neqativ fondunda Zaqatala qalasının fotoşəklinin neqativi saxlanılır. Şəkil 1955-ci ildə fotoqraf Solomon Kulişov tərəfindən çəkilib.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, 1804-cü ildə Car-Balakən camaatlığı Rusiya tərəfindən işğal edildikdən sonra çar hökuməti Zaqatala şəhərinin günbatan hissəsində qala tikdirir. Zaqatala qalası Zaqafqaziyada olan rus qoşunlarının komandanı general Paskeviçin əmri ilə tikilib. Qalanı tikdirməkdə çar hökuməti iki məqsəd güdürdü: Qala rus işğalçılarına qarşı gələcəkdə yerli əhalinin qaldıracağı qiyam və üsyanların yatırılmasında dayaq məntəqəsi rolunu oynamalı, Dağıstanı cənubdan tutmaq üçün istifadə edilməli idi. Qalada daimi olaraq 2500, bəzən isə vəziyyət hərbi xarakter aldığı zaman 8-10 minə qədər əsgər yerləşdirilmişdi. 1864-cü ildə Dağıstan Rusiyaya birləşdirildikdən sonra Zaqatala qalası əvvəlki hərbi əhəmiyyətini itirir. Lakin belə bir qalanın Rusiyanın mərkəzindən çox uzaqlarda, ucqar bir yerdə olması imperator II Nikolayın yadından çıxmadı. 1905-ci ilin iyununda üsyan etmiş “Potyomkin” zirehli gəmisinin inqilabçı matroslarını Zaqatalaya sürgün edib həmin qalada yerləşdirdi. 1917-ci ilin bolşevik inqilabından sonra çar qoşunları Zaqatala qalasını tərk edib Rusiyaya qayıtmalı olublar.

Cümhuriyyət dövründə Zaqatala qalasında Əhməd bəy Dibirovun komandan olduğu piyada polku yerləşdirilmişdi. 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti işğal edildi, ölkədə sovet hakimiyyəti quruldu. Sovet hakimiyyətinin ilk günlərindən Zaqatala qalası qəza inqilab komitəsinin qərargahına çevrildi. Bolşeviklər Azərbaycan ordusunun yüksək rütbəli hərbçilərini həbs etməyə başladılar. Xalqın sovet rejimindən narazılığı getdikcə artırdı. Cümhuriyyətin tanınmış xadimlərindən biri, peşəkar hərbçi Əhməd bəy Dibirov və bölgənin nüfuzlu şəxsiyyətlərindən olan Molla Hafiz Əfəndi sovet rejiminə qarşı çıxanlara başçılıq edirdilər. Lakin üsyan amansızlıqla yatırıldı.

1932-ci ildə banditizmə qarşı mübarizə aparan Dövlət Siyasi İdarəsi burada yerləşirdi. Sonralar qala ərazisində azyaşlıların islah olunması üçün təcridxana, tütün kombinatı, rayon mərkəzi xəstəxanası, 1967-ci ildən diyarşünaslıq muzeyi, mebel fabriki, 1 nömrəli internat məktəbi, “Gənc Texniklər Stansiyası” fəaliyyət göstərib. Azərbaycan SSR Nazirlər Sovetinin 1984-cü il 24 yanvar tarixli qərarına əsasən Zaqatala qalası tarix-mədəniyyət qoruğu elan olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.