ELM VƏ TƏHSİL


Milli Azərbaycan Tarixi Muzeyində əfsanəvi partizan Əhmədiyyə Cəbrayılova həsr olunmuş tədbir keçirilib

Bakı, 6 may, AZƏRTAC

Mayın 6-da Milli Azərbaycan Tarixi Muzeyi və Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, Fransada partizan hərəkatının qəhrəmanı Əhmədiyyə Cəbrayılova həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Əhmədiyyə Cəbrayılovun həyat və döyüş yolundan bəhs edən sərgi ilə tanış olublar. Tədbirdə İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlıların, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı qeyd edib ki, tədbir Azərbaycan Prezidenti İlham Əliyevin əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinin qeyd olunması haqqında 2020-ci il 11 avqust tarixli Sərəncamının icrasından irəli gələn vəzifələrin icrası çərçivəsində keçirilir.

Akademik vurğulayıb ki, muzeyin fondlarında Ə.Cəbrayılova məxsus eksponatlar qorunur və nümayiş etdirilir.

İkinci Dünya müharibəsində azərbaycanlıların qəhrəmanlığından danışan Rusiyanın ölkəmizdəki səfirinin müşaviri İqor Yeronin əfsanəvi partizan Əhmədiyyə Cəbrayılova həsr olunmuş tədbirlərin bütün dünyada təntənəli şəkildə qeyd edildiyini bildirib.

Sonra tədbirdə “Zoom” platforması vasitəsilə iştirak edən Moskva şəhərində yerləşən “Qələbə Muzeyi”nin elmi-metodik şöbəsinin müdiri, tarix elmləri doktoru Stanislav Davıdov “Böyük Vətən müharibəsi 1941-1945-ci illər” mərkəzi muzeyinin “Xalqların igidliyi” ekspozisiyasında Azərbaycan və azərbaycanlılar” (Azerbaydjan i azerbaydjançı v ekspoziçii “Podviq naroda” Çentralnoqo muzeya Velikoy Oteçestvennoy voynı 1941–1945 qq.) mövzusunda çıxış edib.

Muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədov rus dilində “Azərbaycan DTX arxivinin tədqiqi nəticəsində müəyyən olunmuş Əhmədiyyə Cəbrayılovun bioqrafiyasının yeni faktları” mövzusunda çıxış edərək, tədbir iştirakçılarının diqqətinə əfsanəvi partizanla bağlı yeni faktları çatdırıb.

Sonra Əhmədiyyə Cəbrayılovun oğlu Cavanşir Cəbrayılov Milli Azərbaycan Tarixi Muzeyi və Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbərliyinə tədbirin təşkili üçün təşəkkürünü bildirib, atası haqqında, atasının cəbhə yoldaşlarının onun qəhrəmanlıqları haqqında söylədikləri xatirələrdən danışıb.

Tədbirdə Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri İrek Zinnurov, tədqiqatçılar, KİV nümayəndələri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.