MƏDƏNİYYƏT
Milli Azərbaycan Tarixi Muzeyinin Praqadakı sərgisində uşaq proqramı təqdim olunur
Bakı, 11 dekabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Praqada, Çexiya Milli Muzeyinin tərkib hissəsi olan Naprstek muzeyinin binasında təşkil etdiyi “Azərbaycan – möcüzəli odlar yurdu” sərgisi davam edir.
Sərgi çərçivəsində çex uşaqlarına Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı daha dolğun və ətraflı məlumat verilməsi üçün xüsusi uşaq proqramı təqdim edilib.
Milli Azərbaycan Tarixi Muzeyindən AZƏRTAC-a bildirilib ki, uşaq proqramında Azərbaycanın coğrafi mövqeyi, ölkənin adının mənası, dövlətçilik simvolları, tarix və mədəniyyətinin xüsusiyyətləri sual-cavab şəklində təqdim olunur. Həmçinin burada olan sxem, rəsm və krossvordlar da Azərbaycanı tanıtmaq baxımından yardımçı olacaq.
Sərgiyə gələn ən balaca uşaqlar da yaddan çıxmamışdır. Belə ki, onlar üçün sərgidə guşə ayrılıb, burada rəsm ləvazimatı qoyulub. Uşaqlarla məşğələ aparılan zaman valideyn istirahət guşəsində əyləşərək Azərbaycan musiqisinə qulaq asa, ölkəmizlə bağlı videomateriallara baxa bilər.
Qeyd edək ki, 2015-ci il fevralın 15-dək davam edəcək sərgidə ölkəmizin tarix və mədəniyyətini əyani olaraq nümayiş etdirən 300 eksponat təqdim olunur.