ELM VƏ TƏHSİL
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları sənədli film çəkilişində iştirak ediblər
Bakı, 14 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində “Mənəvi dünya” İctimai Birliyinin “İslamda qadın haqları” layihəsi çərçivəsində sənədli film çəkilişi olub.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, filmdə bu müəssisənin əməkdaşları dosent Tural Şiriyev və tarix üzrə fəlsəfə doktoru Əli Fərhadov iştirak ediblər.
T.Şiriyev çıxışında Həzrət Peyğəmbərin qızı Fatimə xanımın sərt patriarxal münasibətlərin hökm sürdüyü erkən orta əsr cəmiyyətində öz şəxsiyyəti, varlığı ilə inqilab etmiş, müasir sivilizasiyamız üçün örnək bir şəxsiyyət olduğunu bildirib. Ə.Fərhadov isə Həzrət Fatimə xanımın ictimai-siyasi həyatda rolu, nümunəvi ailə həyatı, zülm və haqsızlığa qarşı mübarizəsindən danışıb.
Sənədli filmdə Quranda əhli-beytə işarə edən ayələrdən nümunələr və izahat verilib.
Filmin rejissoru Nigar Əliheydərqızıdır.