CƏMİYYƏT
Milli Azərbaycan Tarixi və Azərbaycan Milli İncəsənət muzeyləri ilə tanışlıq naxçıvanlı məktəblilərdə zəngin təəssürat yaradıb
Bakı, 29 mart, AZƏRTAC
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikasından Bakıya gələn məktəblilər martın 29-da Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi və Azərbaycan Milli İncəsənət muzeylərində olublar.
AZƏRTAC xəbər verir ki, əvvəlcə məktəblilər Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində ölkəmizin zəngin tarixini əks etdirən sərgi və eksponatlarla tanış olublar. Burada şagirdlərə ayrı-ayrı əsrlərə aid müxtəlif eksponatlar, həmçinin Ağdam, Naxçıvan, Mingəçevir, Şəmkir, Qobustan və digər şəhər və rayonlarda arxeoloji qazıntılar zamanı tapılmış arxeoloji materiallar barədə məlumatlar verilib. Muzeydə açılmış “Azərbaycan Şirvanşahlar dövləti” sərgisi şagirdlərdə böyük maraq doğurub.
Bildirilib ki, muzeydə müxtəlif dövrlərə aid üç yüz mindən çox eksponat qorunub saxlanılır.
Sonra şagirdlər Azərbaycan Milli İncəsənət Muzeyində olublar. Şagirdlər muzeyin fəaliyyəti, burada qorunan müxtəlif əsrlərə aid eksponatlar barədə məlumat əldə ediblər.
Bildirilib ki, 1936-cı ildə yaradılan muzeydə orta əsrlərə, intibah dövrünə aid eksponatlar, rəsm əsərləri, tətbiqi incəsənət nümunələri nümayiş olunur.
Muzeydə Azərbaycan, Rusiya və Qərbi Avropa ölkələrinin, o cümlədən məşhur alman, italyan, fransız rəssamlarının mənzərə, portret və digər janrlarda yaratdıqları incəsənət nümunələri məktəblilərin diqqətini cəlb edib.
Xatırladaq ki, layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, müstəqil Azərbaycanın nailiyyətləri ilə tanış etmək, şəhər və rayonlarımızın müasirləşən siması barədə əyani təsəvvür yaratmaqdır.
Hər iki muzeylə tanışlıq naxçıvanlı məktəblilərində zəngin təəssürat yaradıb.