MƏDƏNİYYƏT


Milli Dram Teatrı yeni tamaşasını növbəti dəfə təqdim edəcək

Bakı, 18 yanvar, AZƏRTAC

Yanvarın 22-də Azərbaycan Akademik Milli Dram Teatrında Miro Havranın pyesi əsasında hazırlanan “Qəribə, çox qəribə əhvalat” tamaşası nümayiş ediləcək.

Teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı AZƏRTAC-a bildirib ki, sənət ocağının ən yeni tamaşalarından olan səhnə əsərinin quruluşçu rejissoru Əlif Cahangirli, quruluşçu rəssamı, Xalq rəssamı, Dövlət mükafatı laureatı Nazim Bəykişiyev, işıq rəssamı Rafael Həsənov, səs rejissoru Şahanə Səlimova, rejissor assistenti Nərmin Həsənovadır. Tamaşanın bədii rəhbəri Akademik Milli Dram Teatrının direktoru, Xalq artisti Azər Paşa Nemətovdur.

Rollarda Xalq artistləri Rafiq Əzimov, Hacı İsmayılov, aktyor Ramin Şıxəliyev çıxış edəcək. Səhnə əsəri bir qadın tərəfindən aldadılan iki kişinin çıxılmaz vəziyyətlə üzləşməsindən bəhs edir.

Qatar bələdçisi işləyən Draqitsa qadın hiyləgərliyini işə salaraq eyni vaxtda iki kişiyə ərə getməyi, üstəlik sirri uzun illər onlardan gizli saxlamağı bacarıb. Günlərin birində sirrinin üstü açılır, ikinci ərin qapısı döyülür və həqiqət bütün xırdalığına qədər tamaşaçı qarşısında aşkara çıxır. Aldadılan kişilər ortaq nöqtə tapmağa, anlaşmağa cəhd edirlər.

Qeyd edək ki, 1962-ci il təvəllüdlü Miro Havran məşhur xorvat yazıçı-dramaturqudur. Yazıçının əsərləri 25 dilə tərcümə olunub. Onun pyesləri müxtəlif ölkələrin teatrlarında, o cümlədən, Amerika, Rusiya və Braziliya teatrlarında səhnəyə qoyulub. 2003-cü ildə Slovakiyada Miro Havranın adına beynəlxalq dram əsərləri festivalı – “Havranfest” da təşkil olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.