MƏDƏNİYYƏT


Milli Dram Teatrında Həsən Əblucun 75 illiyi qeyd edilib

Bakı, 24 aprel, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Əməkdar Artist, bədii qiraət ustası Həsən Əblucun 75 illiyi münasibətilə “Ölülər” tamaşası nümayiş olunub.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşadan əvvəl Xalq artistləri Hacı İsmayılov və Rafiq Əzimov Həsən Əblucun həyat və yaradıcılığından, onun Azərbaycan teatrının inkişafında xidmətlərindən danışıblar.

Qeyd olunub ki, H.Əbluc Akademik Milli Dram Teatrının səhnəsində hazırladığı tamaşalarla teatrsevərlərin qəlbində özünə yer tapıb, tamaşaçı sevgisi qazanıb. O, səhnə fəaliyyətinə aktyor kimi başlasa da, yaradıcılığını rejissor kimi davam etdirib, bir sıra uğurlu səhnə əsərlərinə imza atıb.

Vurğulanıb ki, H.Əbluc nəinki teatrda, eləcə də televiziyada uğurlu fəaliyyət göstərib, eyni zamanda, Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığı ixtisasını tədris edərək gənc nəslin yetişməsində müstəsna rol oynayıb.

Sonra “Ölülər” tamaşası nümayiş olunub. Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa teatrın direktoru və bədii rəhbəri, Xalq Artisti Azərpaşa Nemətin quruluşunda səhnələşdirilib. Səhnə əsərinin rejissorları isə gənc rejissorlar Anar Sadıqov və Əlif Cahangirlidir.

Tamaşada görkəmli bəstəkar, SSRİ Xalq Artisti Qara Qarayevin “Ölülər” əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim olunub. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin elmi məsləhətçisi akademik İsa Həbibbəylidir. Bu dəfə “Ölülər”in Şeyx Nəsrullahı Xalq Artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri isə Əməkdar Artist Anar Heybətovdur.

Tamaşada digər rolları Xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, Əməkdar artistlər Aslan Şirin, Elşən Cəbrayılov, Əli Nur, Sabir Məmmədov, Elxan Quliyev, Məzahir Cəlilov və başqaları canlandırıblar. Xronometrajı 130 dəqiqə olan səhnə əsərində rəsmlərin quruluşu Azərpaşa Nemətə məxsusdur.

Mənəvi əsarət, fanatizm və cəhalət səhnə əsərində aktyorların ifasında özünəməxsus çalarlarla açılıb. Yaradıcı heyət Cəlil Məmmədquluzadə düşüncələrini yüksək məharətlə ifa edərək, XX əsrin əvvəllərində Azərbaycanda baş verən prosesləri, mövhumat və cahilliyin poetik və dramatik lövhələrini dolğun təcəssüm etdiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.