MƏDƏNİYYƏT
Milli Dram Teatrında “Qürbətdən gələn məktublar”
Bakı, 23 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində yazıçı-diplomat Həsən Həsənovun “Qürbətdən gələn məktublar” əsəri əsasında eyniadlı tamaşa nümayiş olunub.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səhnə əsəri Xalq Artisti, kinorejissor Mərahim Fərzəlibəyovun quruluşunda təqdim olunub. Tamaşanın quruluşçu rəssamı Əməkdar Mədəniyyət İşçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadədir. Tamaşada əsas rolları Xalq artistləri Ramiz Məlik, Laləzar Mustafayeva, Hacı İsmayılov, Əməkdar artistlər Kazım Abdullayev, Əjdər Həmidov, Elşən Cəbrayılov, Vəfa Zeynalova ifa edib.
Qeyd edək ki, səhnə əsəri ilk dəfə teatrın səhnəsində 2003-cü ildə rejissor Ramiz Həsənoğlunun quruluşunda “Brüsseldən məktublar” adı ilə səhnəyə qoyulub. Çağdaş günümüzlə səsləşən tamaşada M.F.Axundzadənin obrazını ilk dəfə mərhum aktyor, Xalq Artisti Əliabbas Qədirov canlandırıb.