MƏDƏNİYYƏT


Milli Dram Teatrında yeni tamaşa – “Qətibə İnanc”

Bakı, 7 dekabr, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı heyəti yeni səhnə əsəri hazırlayır. Hazırda məşqləri davam edən ikihissəli səhnə əsəri görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının motivləri əsasında Çingiz Ələsgərli tərəfindən yeni səhnə versiyasında işlənib.

Bu barədə AZƏRTAC-a teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat verib. Onun sözlərinə görə, “Qətibə İnanc” adlı tamaşa Xalq Artisti Mərahim Fərzəlibəyovun quruluşunda təqdim olunacaq.

Rəsmlərinin quruluşu Əməkdar Mədəniyyət İşçisi İlham Elxanoğluna məxsus olan səhnə əsərinin musiqi tərtibatı Kamil İsmayılova məxsusdur. Tamaşada rolları Xalq Artisti Bəsti Cəfərova, Əməkdar artistlər Sabir Məmmədov, Kazım Abdullayev, Mirzə Ağabəyli, Elxan Quliyev, Məzahir Cəlilov, Əlvida Cəfərov, aktyorlar Rövşən Kərimduxt, Rüstəm Rüstəmov, İlyas Əhmədov, Şəhla İsmayılova, Fidan Cəfərova, Elnur Qədirov və Cümşüd Zeynalov ifa edəcək.

Tamaşa Gəncə hakimi Əmir İnancın qızı Qətibə İnancın Şeyx Nizamiyə olan məhəbbətindən bəhs edir. Şeyx tərəfindən məhəbbəti rədd ediləndən sonra Qətibə İnancda hamıya qarşı nifrət yaranır. Bu nifrətinə görə Qətibə sevmədən Məhəmməd Cahan Pəhləvana ərə gedir.

Qeyd edək ki, ilk dəfə 1977-ci ildə görkəmli rejissor Tofiq Kazımov “Qılınc və qələm” əsərini tamaşaya hazırlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.