İDMAN


Milli Gimnastika Arenasının ərazisindəki köməkçi zalın sökülməsi qərara alınıb

Bakı, 11 sentyabr, AZƏRTAC

Gimnastika növləri üzrə yığma komandaların uzun illər ərzində məşq məkanına çevrilmiş Milli Gimnastika Arenasının (MGA) ərazisində yerləşən köməkçi zalın sökülməsi qərara alınıb.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, 2013-cü ildən fəaliyyət göstərən zalın sökülməsinə səbəb onun istifadə müddətini artıq başa vurmasıdır.

MGA-nın cənubunda yerləşən, hava günbəzi texnologiyası ilə tikilmiş bu zal gimnastika növləri üzrə yığma komandalar üçün günlərinin çox hissəsini keçirdikləri məşq zalından əlavə, həm də bir növ evə çevrilmişdi. Burada gimnastların burada rahat məşq etmələri, eləcə də dincəlmələri üçün lazımi şərait yaradılmışdı.

Xüsusi konstruksiya əsasında quraşdırılmış bu tip qurğuların istismar müddəti məhduddur və bir müddət sonra onlar istifadəyə yararsız olur. Köməkçi zal da “ömrünü başa vurduğundan” onun istismardan çıxarılma vaxtı çatıb.

Xatırladaq ki, bu zal 2015-ci ildə keçirilmiş ilk Avropa Oyunları, həmçinin 2017-ci ildə təşkil edilmiş IV İslam Həmrəyliyi Oyunları zamanı əsas məşq bazası kimi fəaliyyət göstərib. Burada həm də Bakıya təlim-məşq toplanışlarına gəlmiş xarici ölkə gimnastlarının məşqləri keçirilib. Bundan başqa, köməkçi zalda ayrı-ayrı vaxtlarda gimnastika növləri üzrə yerli çempionat və birinciliklər də təşkil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.