MƏDƏNİYYƏT


Milli İncəsənət Muzeyi “Qarabağ Azərbaycandır!” adlı rəsm müsabiqəsi elan edir

Bakı, 1 oktyabr, AZƏRTAC 

İnsan qəlbinin ən böyük nəğməsi Vətəndir. Əbəs yerə deyilməyib ki, Ana kimi yar olmaz, Vətən kimi diyar... Hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan gənc nəslidir. Vətən oğullarının qələbəyə doğru irəlilədiyi bu günlərdə yetişən nəsildə Vətənə, torpağa, el-obaya sevgi, məhəbbət hissini aşılamaq məqsədilə Azərbaycan Milli İncəsənət Muzeyi “Qarabağ Azərbaycandır!” adlı rəsm müsabiqəsi elan edir.

Muzeydən AZƏRTAC-a bildirilib ki, müsabiqə Azərbaycanın dilbər guşəsi, sənət beşiyi, istedadlar diyarı, alim, yazıçı, şair, rəssam və musiqiçilərin vətəni - Qarabağa həsr olunub.

Müsabiqədə məktəblilər yaradıcı təxəyyüllərinə incəsənətin rəngkarlıq, qrafika, heykəltəraşlıq, xalça, bədii şüşə və tikmə, ağac üzərində oyma, batika növlərində həyat verəcəklər.

Qəlbi Vətən qələbəsi, eşqi ilə çırpınan bütün məktəblilər, uzun illər həsrətində olduğumuz Vətən torpağının səfalı yaylaqlarını, gözoxşayan ormanlarını, vüqarlı dağlarını və şairanə təbiətini vəsf etməyə, müzəffər ordumuzun şanlı Qələbəsini, ərənlərin döyüşçü ruhunu təcəssüm etdirən əsərlər yaratmalıdırlar.

Müsabiqəyə göndəriləcək əsərlər saytda dərc olunacaq. İzləyicilərin rəyləri də nəzərə alınmaqla, münsiflər heyyəti müsabiqə iştirakçılarını sadalanan incəsənət növlərində 8 nominasiya üzrə qiymətləndirəcək.

Qaliblər Azərbaycan Milli İncəsənət Muzeyində keçiriləcək mərasimdə elan olunacaq, onlara diplom və digər hədiyyələr təqdim ediləcək.

Müsabiqə oktyabrın 5-dən noyabrın 5-dək davam edəcək.

Qeyd edək ki, əsərlər oktyabrın 31-dək [email protected] ünvanına “müsabiqə üçün” qeydi ilə göndərilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.