MƏDƏNİYYƏT


Milli İncəsənət Muzeyində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş rəsm sərgisi açılıb

Bakı, 17 yanvar, AZƏRTAC

Yanvarın 17-də Milli İncəsənət Muzeyində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Qan yaddaşımız” adlı rəsm sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgi Mədəniyyət Nazirliyi və Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə reallaşıb.

Sərginin açılışından öncə muzeyin elmi işlər üzrə direktor müavini Xədicə Əsədova və şöbə müdiri Araz Osmanov 20 Yanvar hadisələri haqqında danışıb, faciəni törədənlərin mənfur və bədxah əməllərini pisləyiblər. Bildirilib ki, Qanlı 20 Yanvar hadisələrindən 30 il keçsə də, xalqımız həmin müdhiş gecəni daim xatırlayır, şəhidlərinin xatirəsini daim ehtiramla yad edir. Diqqətə çatdırılıb ki, XX əsr tarixində totalitarizmin törətdiyi ən qanlı terror aktlarından biri olan 20 Yanvar faciəsində Azərbaycan xalqına qarşı işlədilmiş cinayət, əslində, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli bir əməldir.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Sərgidə rəssamlar Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Hafiz Məmmədov, Vidadi Nərimanbəyov, Sara Manafova, Şamo Abbasov, Cahangir Rüstəmov, Fərman Qulamov, Arif Hüseynov, Elmira Şahtaxtinskaya, Xanlar Əhmədov və Sahib Quliyevin “Bakı müsibəti”, “19 yanvar 1990-cı il”, “Şəhidlər”, “Narahat axşam”, “Təcavüz”, “Şəhidlərə ithaf”, “Allah bizə kömək olsun” adlı tabloları nümayiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.