MƏDƏNİYYƏT
Milli İncəsənət Muzeyində “Tətilə gedin!” vintaj poster sərgisi açılıb
Bakı, 13 aprel, AZƏRTAC
Aprelin 13-də Milli İncəsənət Muzeyində İsveçrənin ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə Frankofoniya həftələri çərçivəsində “Tətilə gedin!” adlı vintaj poster sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, muzeyin innovasiyalar şöbəsinin müdiri Səbinə Ağamirova sərginin Milli İncəsənət Muzeyində təşkil olunmasından məmnunluğunu ifadə edib. Bildirib ki, sərgidə ziyarətçilər çox gözəl və füsunkar təbiətə malik İsveçrənin turizm potensialını posterlər vasitəsilə seyr edərək yaxından tanış olmaq imkanı qazanacaqlar.
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov iki ölkə arasında qarşılıqlı mədəni əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edərək deyib: “İsveçrə mədəni və təbii turizm potensialına görə turistlər arasında tanınmış məkanlardan biridir. Bakıda keçirilən “ATIF” Beynəlxalq Turizm və Səyahətlər sərgisində mütəmadi olaraq İsveçrənin turizm sənayesinin nümayəndələri təmsil olunurlar. İsveçrə “ASAN viza” ilə səyahət oluna bilən ölkələr siyahısına daxil edilib. Bu ölkənin vətəndaşları Azərbaycana gəlmək üçün elektron viza əldə etmək hüququ qazanıb. İnanıram ki, sərgi İsveçrənin turizm potensialını ölkəmizdə tanıdılmasına töhfə verəcək”.
İsveçrənin Azərbaycandakı səfiri Filip Stalder sərgi haqqında məlumat verib. Bildirib ki, sərgi bir əsr ərzində İsveçrədə turizmi təşviq edən vintaj posterlərin gözəl seçimindən ibarətdir. Tarixi və rəssamlıq baxımından dəyərli posterlərin geniş kolleksiyası “Switzerland Tourism” təşviqat assosiasiyasının 100 illik yubileyi münasibətilə ötən il İsveçrənin bir sıra muzeylərində nümayiş olunub.
Bəzilərinin əllə çəkildiyi vintaj posterlər İsveçrənin tarixinə şahidlik edir. Həmçinin məşhur istirahət məkanlarını əks etdirən bu posterlərdə toxunulmamış təbiət və landşaft, infrastruktur, idman tədbirləri və insanlar təsvir olunur.
Sonra tədbir iştirakçıları sərgidə nümayiş etdirilən əsərlərə baxıblar.
Sərgi aprelin 28-dək davam edəcək.