MƏDƏNİYYƏT


“Azərbaycan muzeylərində audiobələdçi” və “Sənə hekayəmi danışmaq istəyirəm” layihələri təqdim edilib VİDEO

Bakı, 22 noyabr, AZƏRTAC

Noyabrın 22-də Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət Nazirliyi tərəfindən hazırlanan “Azərbaycan muzeylərində audiobələdçi” və "Sənə hekayəmi danışmaq istəyirəm" layihələrinin təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, təqdimatda Mədəniyyət Nazirliyinin sektor müdiri Nərgiz Abdullayeva layihələr haqqında məlumat verib. Bildirib ki, "Sənə hekayəmi danışmaq istəyirəm" layihəsi paytaxtımızın muzeylərində saxlanılan unikal eksponatlar haqqındadır. Bu layihədə Milli İncəsənət Muzeyinin və Milli Xalça Muzeyindən seçilmiş eksponatların hekayəsi təqdim edilib. Eksponat özü haqqında qısa məlumat verməklə monoloq şəklində ziyarətçiləri muzeyə dəvət edir.Qeyd edib ki, reklam xarakterli bu çarxlar paytaxtın mərkəzi küçələrində yerləşən bilbordlarda nümayiş olunmaqla yanaşı, kinoteatrlarda filmlərin nümayişindən öncə təqdim edilərək diqqətləri mədəni mirasımıza yönəldəcək. Həmçinin bu videoçarxlara həsr olunmuş nəşrlər Azərbaycan və ingilis dillərində çap edilərək paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına paylanılıb. Ötən ayın sonlarından videoçarxlar sosial şəbəkələr vasitəsilə də nümayiş olunub. Bir ay ərzində videomateriallar “Facebook” şəbəkəsində 108 min izləyici, “İnstagram”da isə 123 min izləyici tərəfindən baxılıb.

Sektor müdiri ilkin pilot layihənin maraqla qarşılandığını deyib və bu istiqamətdə işlərin davam etdiriləcəyini diqqətə çatdırıb. Bildirib ki, yaxın zamanlarda bu videoçarxlar televiziya vasitəsilə də nümayiş olunacaq.

Sonra "Sənə hekayəmi danışmaq istəyirəm" layihəsinin Milli İncəsənət Muzeyi və Milli Xalça Muzeyinin eksponatlarına həsr olunmuş videoçarxları nümayiş olunub. Eksponatlar Milli İncəsənət Muzeyində qorunan SSRİ Xalq rəssamı Tahir Salahovun “Təmirçilər” və XVIII əsrə aid döyüş geyimi, Milli Xalça Muzeyinin eksponatları sırasından isə “Xətai” xalçasına həsr olunmuş buraxılışlar idi.

Tədbirdə “Azərbaycan muzeylərində audiobələdçi” layihəsi təqdim olunub. Nərgiz Abdullayeva diqqətə çatdırıb ki, Azərbaycan, rus, ingilis, fransız və ərəb dillərində hazırlanan gidlər müxtəlif yaşa məxsus insanlar üçün nəzərdə tutulub. “ORPHEO Touche” cihazları tərəfindən hazırlanmış applikasiyalar “İphone” və “Android” telefonlara yükləməklə istifadə etmək mümkündür.

“ORPHEO Group” şirkətinin texniki meneceri David Louren çıxış edərək şirkətin fəaliyyəti və cihazlar haqqında söz açıb. Bildirib ki, 30 ədəd mikro, 10 ədəd “Touche” variantda cihaz hazırda Azərbaycana gətirilib.

Layihələrlə bağlı fikirlərini bölüşən Mədəniyyət naziri Əbülfəs Qarayev diqqətə çatdırıb ki, muzeylərimizdə müasir texnoloji avadanlıqların tətbiqi sevindirici haldır: “Biz bu layihələrin reallaşmasına uzun müddətdir çalışırdıq. Bu işin həyata keçirilməsinə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi sayəsində nail olundu. Layihə haqqında Mehriban xanıma məlumat verdiyim zaman əlaqədar təşkilatlara bu işin görülməsi ilə bağlı tapşırıqlar verdi. Məmnunam ki, ölkəmizdə bu işi dünyanın aparıcı şirkətlərindən biri həyata keçirir. Bu şirkət bütün lazımi prosedurları reallaşdırıb. Müsbət cəhətlərdən biri də odur ki, bu cihazı almadan da müasir telefonlar vasitəsilə xidmətdən istifadə etmək mümkündür. Layihə Milli İncəsənət, Milli Xalça və Qobustan muzeylərində tətbiq ediləcək”.

Nazir bildirib ki, layihə muzey işinin təkmilləşdirilməsi baxımından olduqca vacibdir: “Bu yaxınlarda parlamentdə çıxışım zamanı da qeyd etdim ki, bu gün müasir texnologiyalarsız Azərbaycan mədəniyyətini dünyaya təbliğ etmək qeyri-mümkündür. Bu gün bizim mədəni irsimiz, musiqimiz, ədəbi nümunələrimiz elektron daşıyıcılarda çox az saydadır. Ümumi dünyəvi portallar var ki, bu portallarda dünya miqyasında rəssamlıq, incəsənət təbliğ olunur. Əfsus ki, bu portallarda bəzən bizim müəlliflərin əsərləri Rusiya, yaxud da keçmiş sovet nümunələri kimi təbliğ olunmaqdadır. Ona görə də müasir texnoloji yeniliklərlə reallıqlarımız təbliğ ediləcək”.

Əbülfəs Qarayev qeyd edib ki, nazirliyin fəaliyyətinin strateji istiqamətlərindən biri də növbəti illərdə müasir texnoloji yeniliklərlə Azərbaycan mədəniyyətinin dünya bazarlarına çıxarılması və eləcə də qarşılıqlı olaraq dünya mədəniyyətinin muzeylərimizdə virtual təbliği ilə bağlı xüsusi layihələrin keçirilməsidir. “Hesab edirəm ki, bu, çox vacib bir istiqamətdir və bunu beynəlxalq qurumlarla birlikdə genişləndirməliyik. Hazırda digər vacib bir istiqamət də yaradıcı sənayenin formalaşdırılmasıdır. Bu layihə də yaradıcı sənayenin ayrılmaz hissəsidir. Burada həyata keçirilən yeni təqdimat formaları dinamik şəkildə inkişaf etməlidir. Yeni təkliflər, yeni məlumatlar tətbiq edilməlidir. Bu gün ziyarətçilərin diqqətini cəlb etmək üçün sosial şəbəkələrdən çevik şəkildə istifadə olunmalıdır. Bütün muzeylər öz işlərini məhz müasir texnoloji vasitələrlə həyata keçirməlidirlər. Bu işə xüsusilə gəncləri cəlb etmək lazımdır”.

Nazir həmçinin diqqətə çatdırıb ki, gənc nəslin muzeylərə marağını artırmaq üçün tələbə auditoriyası muzeylərə cəlb olunmalıdırlar. Ali təhsil müəssisələri tələbələrinin dərslərinin bir hissəsi muzeylərdə keçirilməlidir: “Təbii ki, bu dərslər ödənişsiz olmamalıdır. Bunun üçün Təhsil Nazirliyi ilə də əməkdaşlıq edilməlidir. Biz muzey işi, ədəbiyyat sahəsi üzrə təhsil alan tələbələrlə muzeylərdə mütəmadi olaraq rastlaşmalıyıq. Onlarda muzey işinə, mədəniyyətə, sənətə maraqlar formalaşdırılmalıdır”.

Sonda nazir layihənin ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkürünü bildirdi.

Sonda qonaqlar audiobələdçinin tətbiqi ilə tanış oldular.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.