MƏDƏNİYYƏT


Milli İncəsənət Muzeyinin təmirdən çıxmış yeni binasının ictimaiyyət üçün açılışı olub

Bakı, 17 may, AZƏRTAC

May 17-də Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi, 9 ünvanında yerləşən, təmirdən çıxmış yeni korpusunun ictimaiyyət üçün açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev hər il ənənəvi olaraq ölkəmizdə də qeyd olunan 18 may - Beynəlxalq Muzeylər Gününün əhəmiyyətindən söz açıb. Bildirib ki, bu münasibətlə hər il bütün muzeylərdə “açıq qapı” günü təşkil olunur. Bu il də ənənəyə sadiq qalaraq bütün muzeylərdə “açıq qapı” günü təşkil olunacaq, gecə saatlarına qədər pulsuz xidmət göstərəcəklər.

Ötən il Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Azərbaycan Milli İncəsənət Muzeyinin üçüncü korpusunun təmirdən sonra istifadəyə verildiyini deyən nazir, muzeydə ümumilikdə aparılmış təmir, bərpa və bədii tərtibat işlərinin tamamalandığını qeyd edib.

Muzey haqında məlumat verən Ə.Qarayev vurğulayıb ki, bu məkan son illər ərzində bərpa və inşa edilən ən müasir avadanlıqlarla təchiz edilmiş ekspozisiyaya malikdir. Burada xüsusi bərpa laboratoriyası mövcuddur, ən müasir mühafizə sistemləri ilə təmin edilib.

Muzey silsiləvi şəklində iki qədim memarlıq abidəsini birləşdirən müasir korpusdan ibarət ərazini tutur.

“Milli İncəsənət Muzeyi dünya və Azərbaycan mədəniyyətini nümayiş etdirmək üçün ən uğurlu məkanlardan biridir. Burada insanlar dünya mədəniyyəti ilə yaxından tanış olmaq imkanı əldə edirlər. Sevindirici haldır ki, bu gün ölkəmizin bütün regionlarında tarix-diyarşünaslıq muzeyləri fəaliyyət göstərir. Bütün bunlar dövlətimizin bu sahəyə olan diqqət və qayğısının bariz nümunəsidir”, - deyə Ə.Qarayev söyləyib.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və təbliği departamentinin direktoru Məhəbbət Mehdiyeva və AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova çıxış edərək hər il Beynəlxalq Muzeylər Günü münasibətilə ölkəmizdə keçirilən silsilə tədbirlərdən, reallaşan layihələrdən və dövlət tərəfindən mədəniyyət və incəsənət sahəsinə göstərilən diqqət və qayğıdan söz açıblar.

Sonra Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanmış və ilk dəfə ölkə ərazisində yerləşən bütün muzeylər haqqında məlumatları özündə cəmləşdirən “Museum.az” saytının təqdimatı olub. Məlumat verilib ki, saytın sadə, eyni zamanda, zövqlə hazırlanmış dizaynı istifadəçilərə təqdim olunan məlumatların daha rahat əldə olunması üçün geniş imkanlar yaradır.

İstifadəçilərin rahatlığı üçün gələcəkdə müasir veb - tendensiyalar da nəzərə alınaraq, saytın mobil versiyası və tətbiqetmələrinin də hazırlanması nəzərdə tutulub.

Sonda muzey işi sahəsində səmərəli fəaliyyətinə görə bir sıra mədəniyyət xadiminə nazirlik tərəfindən təşəkkürnamələr təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.