MƏDƏNİYYƏT


Milli Kino Günü silsilə tədbirlərlə qeyd ediləcək

Bakı, 29 iyul, AZƏRTAC

2 Avqust – Milli Kino Günü münasibətilə silsilə tədbirlər təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası avqustun 1-də “Azərbaycan Kinosu Günü” adlı tədbir təşkil edəcək.

Həmin gün kinostudiyanın yeni loqo və saytının təqdimatı keçiriləcək. Eyni zamanda, kinostudiyanın 100 illiyi (2023) münasibətilə elan olunan Qarabağ mövzusunda ssenari müsabiqəsi qaliblərinin adları açıqlanacaq, mükafatlandırma mərasimi olacaq. Bundan əlavə, tədbirdə “Azərbaycanfilm”in rəhbərliyi tərəfindən qarşıdan gələn 100 illik yubileylə bağlı tədbirlər planı haqqında da ictimaiyyətə məlumat veriləcək.

Avqustun 2-də, həmçinin Milli Kino Günü münasibətilə sərgi açılacaq. Sərgidə kinomuzun səssiz mərhələsindən başlamış sovetlər dönəmi bitənə qədər film çəkilişlərində istifadə edilmiş texnika və avadanlıqlar nümayiş olunacaq.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) da Milli Kino Gününə xüsusi hazırlaşıb. Avqustun 2-də təşkil ediləcək bayram tədbirində Milli Kino Mükafatı təqdim ediləcək. Həm gənc, həm də yaşlı nəsil kinematoqrafçılara mükafatlar təqdim olunacaq. Yubileyi olan kino xadimləri, il ərzində bu sahədə uğur qazananlar da diqqətdən kənarda qalmayacaq. Qeyd edək ki, builki Milli Kino Mükafatına 75 illik yubileyini qeyd edən Xalq rəssamı Rafiq Nəsirov layiq görülüb.

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) isə Milli Kino Günündə ənənəvi olaraq özünün üç nominasiyada kino mükafatını sahiblərinə təqdim edəcək. İyulun 28-də AKİ 2022-ci il üçün mükafatçıları elan edib.

“Mən qəhrəman axtarıram” sənədli filminin uğurlu rejissor həllinə görə” İlkin Yusif, “Azərbaycan animasiyasının beynəlxalq əlaqələrinin inkişafında xidmətlərinə görə” Rəşid Ağamalıyev, “Müstəqil kinonun inkişafında və bölgələrdə kino mühitinin canlandırılmasında xidmətlərinə görə” İntiqam Hacılı diplom və pul mükafatına layiq görülüblər.

Avqustun 1-də AKİ-nin bu ilin fevralında elan etdiyi “Mən qadınam” qısametrajlı ssenari müsabiqəsinin qalibləri də elan olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.