MƏDƏNİYYƏT
Milli Kitabxana Beynəlxalq Avrasiya Mətbuat Fondunun “Gənclər üçün kitabxana” layihəsinə dəstək olub
Bakı, 12 fevral, AZƏRTAC
BMT-nin Uşaq Fondu (UNICEF) və Avropa İttifaqının maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Azərbaycan Gənclərinə Dəstək Proqramı çərçivəsində Tərtər rayonunda “Gənclər üçün kitabxana” layihəsi həyata keçirilir. Bu layihəyə qoşulan M.F.Axundzadə adına Milli Kitabxana Tərtər rayonunda yeni açılan kitabxananın fondu üçün kitabların təmin olunmasına böyük dəstək nümayiş etdirib.
AZƏRTAC xəbər verir ki, Milli Kitabxana 14 fevral - Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar Beynəlxalq Avrasiya Mətbuat Fondunun “Gənclər üçün kitabxana” layihəsinə kitabxananın ehtiyat mübadilə və Milli Kitabxananın nəzdində fəaliyyət göstərən “Açıq kitabxana”nın fondundan kitab bağışlayıb.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsini yüksək qiymətləndirib və gənclərə kitab hədiyyə edib.
“Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsinin icraçı koordinatoru Fariz Vəliyev bu layihəyə qoşulduğuna görə Milli Kitabxananın rəhbərliyinə öz təşəkkürünü bildirib.