MƏDƏNİYYƏT
Milli Kitabxana “Elektron informasiya resurslarının yaradılması: mövcud vəziyyət və problemlərin həlli yolları” mövzusunda virtual görüş keçirib
Bakı, 29 iyul, AZƏRTAC
İyulun 29-da Azərbaycan Milli Kitabxanası tərəfindən Respublikanın Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin (MKS) işçiləri ilə “Elektron informasiya resurslarının yaradılması: mövcud vəziyyət və problemlərin həlli yolları” mövzusunda virtual görüş keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Milli Kitabxananın direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova iştirakçıları salamlayıb, kitabxanalarda son illər proseslərin modernləşdirilməsi, mütərəqqi metod və texnologiyaların tətbiqi sahəsində fəaliyyətin genişləndirilməsindən danışıb, Milli Kitabxananın metodik mərkəz kimi respublikanın Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin (MKS) fəaliyyətini yaxşılaşdırmaq məqsədilə onların işini dövrün tələbinə uyğun istiqamətləndirdiyini qeyd edib. Virtual görüşün keçirilməsində əsas məqsədin kitabxanaların fəaliyyətinin mövcud vəziyyətini analiz etmək, kitabxana əməkdaşlarını yeniliklərlə tanış etmək, problemləri aydınlaşdırmaq, onların həlli yönündə təklif və tövsiyələrlə çıxış etmək olduğunu, kitabxana işinin müxtəlif istiqamətlərində bu cür silsilə görüşlərin mütəmadi şəkildə keçirilməsinin əhəmiyyətini vurğulayıb, Milli Kitabxananın hər kəsə açıq olan elektron kitabxanası, tammətnli məlumat bazaları, virtual sərgilər və yeni tammətnli layihələri haqqında məlumat verərək, onları öz işlərində bu resurslardan yararlanmağa və təşkil ediləcək bütün treninqlərdə fəal iştirak etməyə dəvət edib.
Görüşdə Milli Kitabxananın əməkdaşı Təranə Cəfərova respublika MKS-də elektron kataloq və elektron kitabxananın formalaşdırılması xüsusiyyətləri haqqında çıxış edib, bu sahədə müasir vəziyyət təhlil edilib, tətbiq prosesində meydana çıxan problemlər, keyfiyyətin artırılması yolları və s. istiqamətlərdə müzakirələr aparılıb, aktual suallar cavablandırılıb və funksionallığın artırılması məqsədilə lazımi tövsiyələr verilib.
Görüşdə Gəncə, Goranboy, Şəki, Quba, Şabran, Neftçala, İsmayıllı, Siyəzən, Samux, Sumqayıt, Qəbələ, İmişli, Oğuz, Ağdaş və digər şəhər və rayon MKS-nin əməkdaşları iştirak ediblər.