MƏDƏNİYYƏT
Milli Kitabxana “Musiqi kitabxanası” adlı layihəni istifadəçilərin ixtiyarına verib
Bakı, 14 sentyabr, AZƏRTAC
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası istifadəçilərə Milli Musiqi Günü ərəfəsində “Musiqi kitabxanası” adlı yeni layihəsini virtual rejimdə təqdim edib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, layihə “Musiqi ədəbiyyatı”, “Notlar” və “Səs yazıları” bölmələrini əhatə edir. “Musiqi ədəbiyyatı” və “Notlar” bölmələrində Milli Kitabxananın fondunda olan musiqi ədəbiyyatları əlifba sırası üzrə yerləşdirilib və bütün ədəbiyyatlar elektron resursları ilə istifadəçilərə təqdim olunur. Azərbaycan, rus və digər dillərdə olan notlar da bölməyə daxil edilib. “Səs yazıları” bölməsində isə həm Azərbaycan bəstəkarlarına, həm də Azərbaycan xalq musiqisinə dair səs yazıları verilib. Azərbaycan xalq musiqisi yarımbölməsində Muğamlar, Zərb muğamları və şikəstələr, Azərbaycan xalq mahnıları, Qəhrəmanlıq təranələri, Azərbaycan xalq rəqs musiqisi və Aşıq musiqisi təqdim olunur.
Layihədə həmçinin Azərbaycanın görkəmli bəstəkarları haqqında məlumatlar da öz əksini tapıb.
Layihə ilə tanış olmaq istəyənlər http://anl.az/el/musiqi_kitabxanasi/index.php linkindən istifadə edə bilərlər.