MƏDƏNİYYƏT
Milli Kitabxana “Nəriman Həsənzadə” adlı elektron məlumat bazasını virtual rejimdə təqdim edib
Bakı, 18 fevral, AZƏRTAC
Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Nəriman Həsənzadənin anadan olmasının 90-cı ili tamam olur. O, müasir Azərbaycan ədəbiyyatının korifey sənətkarlarından biridir və təkcə yaşına görə deyil, həm də sənətinin böyüklüyünə, bənzərsizliyinə görə seçilir. Görkəmli söz ustasının yaradıcılığını səciyyələndirən əsas cəhət əsərlərində insanpərvərlik, gözəllik, Vətənə və dünyaya məhəbbətlə dolu həyat fəlsəfəsinin təcəssümüdür. Şairin şeirləri də özü kimi sadə və səmimidir.
Bu münasibətlə, Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Nəriman Həsənzadə” adlı elektron məlumat bazası virtual rejimdə istifadəçilərə təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, elektron məlumat bazası “Rəsmi sənədlər”, “Həyat və yaradıcılığı”, “Görkəmli şəxslər Nəriman Həsənzadə haqqında”, “Şairin söylədikləri...”, “Şairin əsərləri”, “Şairə ithaf olunmuş əsərlər”, “Tamaşaya qoyulmuş əsərləri”, “Şeirlərinə bəstələnmiş musiqilər” və “Fotoqalereya” bölmələrindən ibarətdir.
Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər bu linkdən istifadə edə bilərlər.