MƏDƏNİYYƏT
Milli Kitabxana VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında öz tədbirlərinə start verib
Bakı, 6 oktyabr, AZƏRTAC
Oktyabrın 6-dan Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Milli Kitabxananın “Nizami Gəncəvi əlyazmaları dünya kitabxanalarında” mövzusunda təşkil etdiyi sərginin açılışı və eyniadlı elektron məlumat bazasının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində Baş nazirin müavini Əli Əhmədov, mədəniyyət naziri Anar Kərimov, təhsil naziri Emin Əmrullayev, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Əhməd Misbah, Milli Məclisin deputatları Anar İsgəndərov, Qəzənfər Paşayev və digər şəxslər iştirak ediblər.
Kitabxananın direktoru Kərim Tahirov iştirakçıları Milli Kitabxana stendində yaradılmış “Ulu öndər Heydər Əliyevin Milli Kitabxanaya bağışladığı kitab kolleksiyasından”, “Nizami Gəncəvi əlyazmaları dünya kitabxanalarında layihəsindən”, “Nadir kitablar kolleksiyasından”, “Milli Kitabxananın Qızıl fondundan”, “Milli Kitabxananın nəşrləri” bölmələrindəki kitablarla tanış edib. Direktor Nizami Gəncəvinin dünya kitabxanalarından gətirilən əlyazmaları ilə xüsusilə, Topqapı, Tehran nüsxələrini onlara göstərib. Vurğulayıb ki, Mədəniyyət Nazirliyi və Milli Kitabxana milli mənəvi dəyərlərimizin hamisi və təəssübkeşi olan Heydər Əliyev Fondunun və onun vitse-prezidenti Leyla xanım Əliyevanın dəstəyi ilə artıq iki ildir ki, “Milli-mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsi çərçivəsində dünyanın milli kitabxanalarında və muzeylərində mühafizə edilən Azərbaycan ədəbiyyatının klassiklərinə mənsub olan qiymətli əlyazmaların müəyyən olunaraq onların elektron və kağız nüsxələrinin Milli Kitabxanaya gətirilməsi layihəsini həyata keçirir. Həmin layihə çərçivəsində Nizaminin, Nəsiminin, Füzulinin və digər Azərbaycanın müdrik şəxsiyyətlərinin əlyazmaları Milli Kitabxanaya gətirilib və həmin əlyazmalarla tanış olunur.
Tədbirin davamında Azərbaycan Milli Kitabxanası ilə M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanası arasında Qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalanıb.
Bildirilib ki, hər iki ölkənin iqtisadi, siyasi sahədə inkişaf edən yaxınlığı mədəniyyət sahəsində də imzalanan bu memorandumdan sonra daha da möhkəmlənəcək.
M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Pavel Kuzmin Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirova öz nəşrlərindən hədiyyə və kitabxananın oxucu biletini simvolik olaraq təqdim edib. Direktor Kərim Tahirov da öz növbəsində Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə layihəsi əsasında hazırlanan “Nizami Gəncəvi 880” disk albomunu ona bağışlayıb.
Tədbirlərdə Azərbaycan Milli Kitabxanasının dəvəti ilə gələn Rusiya, Bolqarıstan, Özbəkistan, Qırğızıstan, Gürcüstan Milli kitabxanalarının əməkdaşları öz ölkələrinə dair ekspozisiya ilə təmsil olunublar.
Sonda iştirakçılarla xatirə şəkili çəkilib.
Sərgi-yarmarka çərçivəsində tədbirlər davam edir.