MƏDƏNİYYƏT


Milli Kitabxanada Bolqarıstan və Gürcüstan milli kitabxanalarının guşəsi açılıb

Bakı, 8 oktyabr, AZƏRTAC

Oktyabrın 8-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Bolqarıstan və Gürcüstan milli kitabxanalarının sərgi guşəsinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, sərgidə nümayiş olunan 102 kitabdan 58-i Müqəddəs Kiril və Mefodiy adına Bolqarıstan Milli Kitabxanasından, 44-ü isə Gürcüstan Milli Parlament Kitabxanasından gətizdirilib.

Milli Kitabxananın direktoru Kərim Tahirov bildirib ki, beynəlxalq kitab sərgilərindən sonra kitabxanada yeni guşələrin açılması ənənə halını alıb. Bu, ölkə səfirlikləri arasında əməkdaşlığın möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. Müasir dünyada hər şey kitab vasitəsilə ötürülür. Bu günlərdə Ekspo Mərkəzində beynəlxalq sərgi- yarmarkası keçirildiyini deyən Kərim Tahirov bildirib ki, bu il əvvəlki illərə nisbətən pandemiyaya görə daha az ölkə iştirak edir.

Qeyd edib ki, Azərbaycanda Bolqarıstan və Gürcüstan mədəniyyətini dərindən tanımaq istəyənlər çoxdur. Bu fürsəti əldə edən gənc nəsil indi kitabxanamıza gəlib hər iki ölkənin tanınmış yazıçıları ilə tanış ola biləcək. Çünki, ölkələr arasında yaradılan əməkdaşlıqdan yalnız oxucular yararlanacaq.

Bolqarıstanın ölkəmizdəki səfiri Nikolay Yankov deyib: “Çox şadam ki, bu il Bolqarıstan burada öz guşəsini tapdı. Hesab edirəm ki, bu addım gələcəkdə iki ölkə arasında əməkdaşlığın genişlənməsində əhəmiyyətli rol oynayacaq və biz növbəti layihələrdə bərabər işləyəcəyik. Şadam ki, mədəniyyət siyasətdən öndə gedir”.

Gürcüstanın ölkəmizdəki səfirinin müavini Revaz Sakvarelidze söyləyib: “Azərbaycanla Gürcüstan arasında dostluq münasibətləri əsrlər boyu davam edib. Şadam ki, bu gün sizin gözəl kitabxananızda Gürcüstana da yer verilib. İndi azərbaycanlı oxucular gürcü yazıçılarının əsərlərilə tanış olmaq imkanı əldə ediblər. Əminəm ki, yaxın gələcəkdə Gürcüstan Milli Parlament Kitabxanasında da Azərbaycan guşəsi açılacaq”.

Gürcüstan Milli Parlament Kitabxanasının Kitabxana resursları şöbəsinin direktoru Levan Taktakişvili deyib: “Hər iki guşədə nümayiş olunan kitablar yeni nəşrlərdir. Hər kəs öz tarixini qonşusunun tarixini bilməklə öyrənə bilər. Ümid edirəm ki, bizim qardaşlığımız bundan sonra da davam edəcək”.

Bildirilib ki, zalın açılışı 2019-cu ildə dünyanın 11 ölkəsinin kitabxana rəhbərlərinin iştirakı ilə keçirilib. Açılışdan sonra Milli Kitabxana digər ölkələrlə kitab mübadiləsi aparmağa başlayıb. Buna görə də belə sərgilərin tərkibi mütəmadi olaraq dəyişir.

Sonra sərgiyə baxış keçirilib və xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, oktyabrın 14-də Sofiyada Azərbaycan guşəsinin açılışı olacaq. Sərgidə Azərbaycanın tanınmış yazıçılarının əsərləri, o cümlədən bu ölkənin mədəniyyətini əks etdirən kitablar nümayiş olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.