MƏDƏNİYYƏT


Milli Kitabxanada “Cəmşid Naxçıvanski adına Hərbi Lisey-50” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub

Bakı, 17 iyul, AZƏRTAC

Bu il Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasından 50 il ötür. Cəmşid Naxçıvanski adına Hərbi Lisey Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şəxsi təşəbbüsü və bilavasitə rəhbərliyi ilə yaradılıb. Ulu Öndərin daim qayğı ilə yanaşdığı və xüsusi diqqət yetirdiyi bu tədris ocağı ötən müddət ərzində respublikamızda milli peşəkar hərbçi kadrların hazırlanması sahəsində müstəsna xidmətlər göstərmiş, cəmiyyətdə hərbi peşənin nüfuzunun yüksəlməsində və taleyini hərb sənətinə həsr edən gənclərin sayının davamlı artmasında əhəmiyyətli rol oynamışdır. Liseyin yetirmələri müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin formalaşdırılması və möhkəmləndirilməsi işinə dəyərli töhfələr verib, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüşlərdə həmişə ön cəbhədə yer alıblar. Onlar böyük rəşadət nümayiş etdirərək “Vətən Müharibəsi Qəhrəmanı” və “Azərbaycanın Milli Qəhrəmanı” adlarına layiq görülüb, orden və medallarla təltif olunublar. Hərbi liseyin məzunları Vətən qarşısında vəzifə borclarını bu gün də şərəflə yerinə yetirirlər. Hazırda Silahlı Qüvvələrimizdəki zabitlərin əksəriyyəti məhz Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarıdır.

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasının 50 illik yubileyi münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən eyniadlı elektron virtual sərgi hazırlanıb.

AZƏRTAC xəbər verir ki, virtual sərgidə C.Naxçıvanski adına Hərbi Lisey haqqında rəsmi sənəd, fotolar, kitablar və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər

http://anl.az/el/vsb/Cemsid_Naxcivanski_adina_Herbi_Lisey_50/index.htm linkindən istifadə edə bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.