ELM VƏ TƏHSİL


Milli Kitabxanada “Dilçilik elmində Afad Qurbanov irsi” adlı kitabın təqdimatı olacaq

Bakı, 9 yanvar, AZƏRTAC

Yanvarın 10-da Milli Kitabxanada Azərbaycanın görkəmli dilçi-alimi, türkoloq, ictimai xadim, müasir Azərbaycan əlifbasının müəllifi və Onomastika Elmi Məktəbinin banisi, akademik Afad Qurbanovun 90 illik yubileyinə həsr olunmuş Sayalı Sadıqovanın “Dilçilik elmində Afad Qurbanov irsi” adlı kitabın təqdimat mərasimi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə reallaşacaq.

Qeyd edək ki, XX əsrin 90-cı illərində ölkəmizdə əlifba islahatının aparılmasında Afad Qurbanovun Azərbaycan Əlifba Komissiyasının sədri və latın qrafikası əsasında hazırlanmış və bu gün istifadə etdiyimiz Azərbaycanın latın qrafikalı əlifbasının müəllifi kimi böyük xidmətləri olub.

A.Qurbanov 1962-ci ildə professor Əbdüləzəl Dəmirçizadənin rəhbərliyi ilə "Səməd Vurğunun "Vaqif pyesinin dili və üslubu" mövzusunda namizədlik, 1968-ci ildə isə "Müasir Azərbaycan ədəbi dili" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Onun onomalogiyaya dair 100-ə qədər məqaləsi "Azərbaycan onomastikası", "Azərbaycan onomalogiyası məsələləri", "Poetik onomastika", "Azərbaycan dilinin onomalogiyası" kimi sanballı monoqrafiyaları çap olunub. Bu əsərlərdə onomastik vahidlərin tədqiqi tarixi, onomastik mənbələr, onomalogiyanın elmi-nəzəri məsələləri kompleks və sistemli şəkildə tədqiq edilib. Azərbaycan dilçiliyi tarixində ilk dəfə olaraq antroponimlərin inkişafı dövrlərini müəyyənləşdirən, hər bir dövrün səciyyəvi cəhətlərini konkret dil faktları ilə əsaslandıran da A.Qurbanov olub.

Elmi yaradıcılığa "Şagirdlərin yazılı və şifahi nitqlərindəki yerli şivə və qalıqlarına qarşı mübarizə" adlı məqalə ilə başlayan yorulmaz tədqiqatçı Azərbaycanda və bütün türk dünyasında "Dilçiliyin sistemi", "Dilçiliyin tarixi", "Müasir Azərbaycan ədəbi dili", "Bədii mətnin linqvistik təhlili", "Azərbaycan onomastikası", "Azərbaycan dilinin onomalogiyası", "Ümumi dilçilik", I-II cildlər, "Dünyanın dil ailələri" və s. kimi sanballı əsərləri ilə məşhurdur.

Azərbaycan ədəbi dilinin fonetika, qrafika, leksikologiya, semasiologiya, frazeologiya və digər sahələri A.Qurbanovun 1967-ci ildə çap etdirdiyi "Müasir Azərbaycan ədəbi dili" kitabında sistemli şəkildə, həm də sinxronik prizmadan tədqiq edilib. A.Qurbanovun əsərləri Almaniya, Rusiya, İran, Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistan və s. ölkələrdə yayılıb. Görkəmli dilçi alim dünyanın bir sıra böyük şəhərlərində dilçiliyə, xüsusilə türkologiyaya aid keçirilən konfransların əksəriyyətində aktual və orijinal məruzələrlə çıxış edib.

Afad Qurbanov 2009-cu il sentyabrın 26-da vəfat edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.