MƏDƏNİYYƏT
Milli Kitabxanada İraq türkmanlarının şair və alimləri ilə görüş olub
Bakı, 27 noyabr, AZƏRTAC
Noyabrın 27-də Milli Kitabxanada ədəbi ictimaiyyətin İraq türkmanlarının şair və alimləri ilə görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq Azərbaycan və türkman xalqlarının eyni tarixi köklərə bağlılığından, ədəbi-bədii əlaqələrindən, dilinin, ədəbiyyatının zənginliyindən və oxşar cəhətlərindən danışıb. O, çıxışında Azərbaycan xalqının dilinə doğma və yaxın şirin bayatıları olan İraq kərküklərindən, həmin bayatıları dilimizin əzbərinə çevirən, kərkük folklor yaradıcılığının tədqiqində, ədəbiyyatının təbliğində böyük xidmətləri olan professor Qəzənfər Paşayevin yaradıcılığından söhbət açıb.
Tədbirdə Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev çıxış edərək dahi şairlərimiz Füzulinin, Nəsiminin İraqda doğulub, yazıb yaratdığını, əlaqələrimiz genişləndikdən sonra Azərbaycanla İraq türkmanları arasında yaxın bağlarımızın olduğunu, ədəbiyyatımızın, dilimizin, adət-ənənələrimizin eynilik təşkil etdiyini söyləyib.
Türkməneli Mədəniyyət Mərkəzinin sədri, doktor Mustafa Ziya uzun illər Azərbaycanla türkman xalqlarının bir-birindən uzaq qaldığını və tədqiqatlarında Azərbaycan bayatıları və türkman hoyratlarının müqayisəli təhlil etdiyini bildirib. Mustafa Ziya çıxışında 1600 il əvvəl türkman adının geniş bir ərazidə yayıldığını qeyd edib və türkman xalqlarının tanıdılmasında Rəsul Rza, Qəzənfər Paşayev və digər Azərbaycan ziyalılarının xüsusi rolu olduğunu vurğulayıb.
“Türkmen eli” qəzetinin redaktoru Nicat Kövsəroğlu çıxışında türkmanların oğuz türklərinin bir parçası olduğunu söyləyib və “Kərkükdən yarpaqlar” adlı kitabını təqdim edib. Qəzetin şöbə müdiri Gürşad Çavuşoğlu İraq türkünün qəlbində Azərbaycan sevgisinin olduğunu, qardaşlarımızla birlikdə olmaqdan qürur duyduğunu deyib. O, Azərbaycan xalqının başına gətirilmiş müsibətlərin, Xocalı faciəsinin, Qarabağ müharibəsinin şahidi olduğunu bildirib və torpaqlarımızın geri qaytarılmasında İraq türkmanı olaraq hər zaman Azərbaycan xalqının yanında olduğunu qeyd edib.
Yazıçı-publisist Azər Həsrət və başqaları hər iki xalqa məxsus folklor nümunələrində və ruhən bir-birinə oxşayan şeirlərimizdə dostluq və qardaşlıq münasibətlərinin aşkar duyulduğunu söyləyiblər.