MƏDƏNİYYƏT


Milli Kitabxanada “İsmayıl Şıxlı. Biblioqrafiya” kitabının təqdimatı olub

Bakı, 19 aprel, AZƏRTAC

Aprelin 19-da Azərbaycan Milli Kitabxanasında ölkə başçısının müvafiq Sərəncamına əsasən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Kitabxananın Mədəniyyət Nazirliyi ilə birgə təşkil etdiyi tədbirdə “İsmayıl Şıxlı. Biblioqrafiya” kitabının və “İsmayıl Şıxlı–100” elektron məlumat bazasının təqdimatları olub.

Tədbirdə çıxış edən Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bildirib ki, İsmayıl Şıxlı zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustalarındandır. Ədibin məşhur “Dəli Kür” romanı ictimai şüurda dönüşə və özünüdərkə yol açan mühüm ədəbi-mədəni hadisə kimi qiymətləndirilir. Sənətkarın klassik irsin ənənələrini davam etdirməklə və folklor xəzinəsindən bəhrələnməklə meydana gətirdiyi əsərlərdə dərin həyat fəlsəfəsi öz dolğun ifadəsini tapıb.

Bildirib ki, Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdirdiyi “İsmayıl Şıxlı” biblioqrafik vəsaiti Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi İsmayıl Şıxlının anadan olmasının 100 illiyinə həsr edilib. O, ədəbiyyatşünaslar, gənc tədqiqatçılar, ümumiyyətlə geniş oxucu kütləsi üçün nəzərdə tutulan biblioqrafiyada ədibin həyat və yaradıcılığını əks etdirən bütün nəşrlər – kitabları, dövri mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş əsərləri, elmi-tənqidi və publisistik məqalələri, tərcümələri, redaktə etdiyi kitablar, xarici dillərdə çap olunmuş əsərləri, eyni zamanda İsmayıl Şıxlının dünya kitabxanalarında toplanan əsərləri, Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin Fondunda mühafizə olunan arxiv materiallarının da əhatə olunduğunu, bununla yanaşı İsmayıl Şıxlının təkcə Azərbaycanda deyil, bütün dünyada yazıçının yaradıcılığı, onun ədəbi irsi ilə maraqlananlar üçün “İsmayıl Şıxlı–100” elektron məlumat bazasının hazırlandığını və Milli Kitabxananın saytı vasitəsilə bütün dünyaya yayımlandığını bildirib.

Tədbirdə Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov Xalq yazıçısı İsmayıl Şıxlı yaradıcılığını ulu öndər Heydər Əliyevin hər zaman yüksək qiymətləndirdiyini bildirib. İsmayil Şıxlı haqqında çox yazılıb çox deyilib, yaradıcılığı tədqiqata cəlb olunub, dissertasiyalar yazılıb. Azərbaycandan kənarda məqalələri rus, gürcü, Belarus, özbək, ingilis, fransız, ispan dillərinə çevrilərək çap olunub. İsmayıl Şıxlı obrazı yazıçının obrazlarından daha canlı, mükəmməl və bədiidir.

Akademik deyib ki, İsmayıl Şıxlı ən az yazan yazıçılardan olsa da, daha çox yadda qalan, sevilən qələm adamlarındandır. Onun ən mükəmməl əsəri onun şəxsiyyətidir. Onun əsərləri artıq folklordur.

Azərbaycanın Xalq şairi Nəriman Həsənzadə çıxış edərək böyük yazıçının zəngin ədəbi fəaliyyəti ilə yanaşı, onun ictimai fəaliyyəti haqqında da geniş söhbət açıb. Nəriman Həsənzadə bildirib ki, İsmayıl Şıxlının yaratdığı bütün obrazlarda sanki öz şəklini çəkib, müxtəlif insani keyfiyyətlərini göstərib. Onun yazılmamış əsərlərinin sonradan yazılacağını bildirib.

Milli Məclisin deputatı Tahir Rzayev çıxış edərək Milli Kitabxananın kollektivinə və rəhbərliyinə İsmayıl Şıxlı haqqında belə fundamental biblioqrafiyanın hazırlanıb, ərsəyə gəlməsindəki xidmətlərinə görə dərin minnətdarlığını bildirib və bu kitabın onun ruhuna böyük ehtiram olduğunu söyləyib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Buludxan Xəlilov Azərbaycan ədəbiyyat mühitinin XX yüzillikdə yetirdiyi nəhəng şəxsiyyətlərindən biri olan İsmayıl Şıxlının zəngin ədəbi fəaliyyəti ilə yanaşı, yazıçının ictimai fəaliyyəti haqqında geniş söhbət açıb. O, heç kəsə bənzəməyən bir müəllim olub və buna görə də bütün tələbələri onun diskussiyasından bəhrələnə bilib. Onun yazılarında canlı bir həyat vardır. Çox istedadlı və ensiklopedik qələmi olan bir yazıçı idi. Nədən yazıbsa onu mükəmməl bir şəkildə edib.

B.Xəlilov İsmayıl Şıxlının pedaqoji fəaliyyətindən geniş danışaraq onun müəllim kimi qeyri-adi bir şəxsiyyət olduğunu vurğulayıb.

Əməkdar Elm xadimi, professor Qəzənfər Paşayev çıxış edərək İsmayıl Şıxlının görkəmli şəxsiyyət olduğunu, onun yazdığı əsərlərin bir tarixə çevrildiyini bildirib.

Daha sonra çıxış edənlər böyük yazıçı haqqında xoş xatirələrini bölüşərək bildiriblər ki, Milli Kitabxananın hazırladığı elektron biblioqrafiya gələcək tədqiqatçılar üçün əyani bir vəsaitdir.

Yazıçının ailəsi adından oğlu, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı çıxış edərək Azərbaycan Respublikası Prezidentinə, Milli Kitabxananın kollektivinə və tədbir iştirakçılarına İsmayıl Şıxlı yaradıcılığına verilən dəyərə görə öz təşəkkürünü bildirib.

Sonda “İsmayıl Şıxlı–100” elektron məlumat bazası təqdim olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.