MƏDƏNİYYƏT


Milli Kitabxanada “Milli musiqi xəzinəmizdən” layihəsi əsasında nəşr edilmiş not məcmuələrinin təqdimatı olub

Bakı, 21 sentyabr, AZƏRTAC

Sentyabrın 21-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında XIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Milli musiqi xəzinəmizdən” layihəsi əsasında son iki ildə nəşr olunmuş Azərbaycan bəstəkarlarının not məcmuələrinin (cəmi 40 məcmuə) təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimi Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxış edərək tədbir haqqında məlumat verib. Bildirib ki, bu il XIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının keçirilməsinin böyük əhəmiyyəti var. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın qətiyyəti, Ordumuzun şücaəti nəticəsində tarixi ədalət bərpa edilib və Prezidentin müvafiq Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan olunub. Qeyd edib ki, Azərbaycan Milli Kitabxanası musiqi sahəsində bir sıra layihələr həyata keçirib. “Bunlardan 30 minə yaxın qrammofon vallarının CD disklərə köçürülməsi, “Azərbaycan Musiqi kitabxanası”, “Petruççi musiqi kitabxanası” layihələrini qeyd edə bilərik. Mədəniyyət Nazirliyi ilə birlikdə həyata keçirilən ən önəmli layihələrdən biri isə “Milli Musiqi xəzinəmizdən” adlı layihədir. Layihə çərçivəsində Milli Kitabxana görkəmli Azərbaycan bəstəkarlarının ötən əsrin 40-80-ci illərində çap olunan və hazırda kitabxananın Arxiv Fondunda mühafizə edilən nadir not məcmuələrini yenidən nəşr edərək mütəxəssislərin, musiqi və incəsənət məktəblərinin müəllimlərinin və şagirdlərinin istifadəsinə təqdim edir.

Kitabxana bu günədək həmin seriyadan görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Əfrasiyab Bədəlbəylinin, Azər Rzayevin, Elmira Nəzirovanın, Asya Sultanovanın, Niyazinin, Musa Mirzəyevin, Oqtay Rəcəbovun və başqalarının fortepiano üçün not əsərlərini ayrı-ayrı məcmuələr şəklində nəşr edərək musiqi ictimaiyyətinə təqdim edib”, - deyə K.Tahirov vurğulayıb.

Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Marifli çıxış edərək musiqi xadimlərini bu bayram münasibətilə təbrik edib. Bildirib ki, son illər musiqi ədəbiyyatının nəşrində müəyyən boşluqlar var. Məhz belə layihələrin olması bu boşluqların aradan qaldırılmasına xidmət edir. Bu mənada Milli Kitabxananın Mədəniyyət Nazirliyi ilə bu birgə layihəsi alqışlanmalıdır.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova çıxış edərək bildirib ki, bu il XIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının məhz Şuşa şəhərində keçirilməsi bizi çox qürurlandırdı. O, bu layihəyə böyük əmək sərf olunduğunu və yalnız alqışa layiq olduğunu bildirərək çap olunan not məcmuələrinə bəstəkarlar haqqında məlumatların verilməsi fikrini də təklif edib.

Xalq artisti, bəstəkar Sərdar Fərəcov indiyədək Milli Kitabxananın həyata keçirdiyi layihələrdən, “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından Üzeyir Hacıbəyliyə, Q.Qarayevə, F.Əmirova, Niyaziyə, C.Cahangirova, Bülbülə, Xan Şuşinskiyə həsr edilən fundamental biblioqrafiyaların musiqiçilərin köməyinə çatacağından bəhs edərək, kitabxananın rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirib.

Sonra Milli Konservatoriyanın prorektoru, professor Lalə Hüseynova çıxış edərək Milli Kitabxana rəhbərliyinə bu cür vəsaitlərin üzə çıxarılması, nəşri, təbliği istiqamətində gördüyü işlərə görə öz təşəkkürünü bildirib. Bu layihənin davamlı olmasını arzulayıb.

Mədəniyyət Nazirliyinin Musiqi sektorunun müdiri Vüqar Hümbətov Milli Kitabxananın bu layihəsinin yerlərdəki musiqi və incəsənət məktəblərinin şagird və müəllimləri üçün daha böyük əhəmiyyət kəsb etdiyini bildirib, onların bütün musiqi məktəblərinə artıq çatdırıldığını və elektron variantlarının musiqi məktəblərinin portalına yerləşdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Bakı Musiqi kollecinin rektoru, professor Nazim Kazımov, Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva və digərləri çıxış edərək layihənin əhəmiyyətindən danışıb, öz təkliflərini bildiriblər.

Sonda qonaqlar “Milli musiqi xəzinəmizdən” layihəsi çərçivəsində nəşr olunan not məcmuələri ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.