MƏDƏNİYYƏT


Milli Kitabxanada “Mirzə Ələkbər Sabir – 160” adlı elektron məqalələr toplusu hazırlanıb

Bakı, 8 avqust, AZƏRTAC

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Mirzə Ələkbər Sabir – 160” adlı elektron məqalələr toplusu hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, təqdim olunan topluda görkəmli şairin həyat və yaradıcılığından bəhs edən, 2020-2022-ci illərdə ölkə ərazisində müxtəlif dövri nəşrlərdə dərc edilən məqalələr araşdırılıb seçmə yolu ilə diqqətə çatdırılıb. Məqalələr illər üzrə, daxildə isə əlifba düzülüşü ilə verilib.

Məqalələr toplusu ilə tanış olmaq istəyənlər http://anl.az/down/M.E.Sabir.pdf linkindən istifadə edə bilərlər.

Milli ədəbiyyatda tənqidi realizmin əsas yaradıcılarından biri kimi geniş şöhrət qazanmış Mirzə Ələkbər Sabir bədii fikirdə humanizmin və demokratik ideyaların, milli oyanış və dirçəlişin ən fədakar carçılarındandır. O, mollanəsrəddinçi satirik şeir məktəbinin yaradıcısı, türk-müsəlman dünyasında satirik şeirin qüdrətli təmsilçisi kimi tanınır.

Sabir yeni ədəbiyyatımızda birinci şairdir ki, müasir ictimai həyatı əsas mövzu seçmiş, ictimai quruluşu cəsarətlə təşrih etmiş, zəmanəsinin həqiqi, əlvan, zəngin tiplər silsiləsini yaratmışdır.

Sabir bədii ədəbiyyatı keçmiş mövhumi təsəvvür, əfsanələrdən, mey-məzə, gül-bülbül, əyləncə vasitəsindən tamam xilas edib həqiqi həyat səhnəsinə endirən, müasir siyasi, məfkurəvi silah səviyyəsinə qaldıran ən böyük yenipərəst, döyüşkən bir şairdir.

Sabir Azərbaycan ədəbiyyatı tarixində çox böyük xidmətləri olan, şeirimizdə tamam yeni bir dövr açan, milyonların qəlbini oxşayan və fəth edən əsl xalq şairidir. Onun ölməz satiraları indi də oxucuların zehnində yaşayır, adamların yeni dünya, yeni həyat uğrunda fəal mübarizəsində kəsərli silah rolunu oynayır. Sabir şeiri həmişə, hər yerdə zehni açıq, tərəqqipərvər adamların azadlıq və səadət uğrunda, mübarizə yolunda sönməz bir mayak kimi yanır və nur saçır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.