MƏDƏNİYYƏT


Milli Kitabxanada Rumıniyanın Böyük Birliyi Gününün 100 illiyinə həsr edilmiş fotosərgi açılıb

Bakı, 20 iyun, AZƏRTAC 

Milli Kitabxanada Rumıniyanın Böyük Birliyi Gününün 100 illiyinə həsr edilmiş fotosərgi açılıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Rumıniyanın Azərbaycandakı Səfirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Rumıniyanın Böyük Birliyinin 100 illiyi münasibətilə “Böyük Birlik. I Dünya Müharibəsindəki Qələbədən Böyük Rumıniya Hökmdarlarının Taclandırılmasına qədər” adlı fotosərgi açılıb.

Milli Kitabxananın direktoru Kərim Tahirov tədbiri açaraq qonaqları salamlayıb.

Dost ölkələr olan Azərbaycan ilə Rumıniya arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayan K.Tahirov bildirib ki, Rumıniyanın ölkəmizdəki səfirliyi ilə Milli Kitabxana arasında sıx əlaqələr yaranıb, səfir Dan İanku dəfələrlə Milli Kitabxanada olub.

Sonra Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku çıxış edib. O, ekspozisiyanın təşkil olunmasına görə Milli Kitabxananın rəhbərliyinə minnətdarlığını bildirib və qeyd edib ki, 2018-ci il həm Azərbaycan, həm də Rumıniya üçün əlamətdardır. Səfir deyib: “Bu gün Rumıniya ilə Azərbaycanı möhkəm dostluq telləri bağlayır. Bu il Azərbaycan müstəqillik elan olunmasının 100 illiyini, Rumıniya isə Böyük Birlik Gününün və bugünkü sərhədlər daxilində Rumıniya dövlətinin yaranmasının 100 illiyini qeyd edir. 1918-ci il dekabrın 1-də Trasilvaniya və Banatda yaşayan rumınların nümayəndələri Rumıniya Krallığı ilə birləşməyin lehinə səs veriblər”.

Səfir xatırladıb ki, Rumıniya hökuməti bu hadisəyə həsr edilmiş silsilə tədbirlər, o cümlədən “Böyük Birlik. I Dünya Müharibəsindəki Qələbədən Böyük Rumıniya Hökmdarlarının Taclandırılmasına qədər” adlı fotosərgi keçirir. Aprel ayında həmin sərgi İstanbulda nümayiş etdirilib.

Rumıniya Prezidenti Administrasiyası yanında Kotroçena Muzeyinin baş direktoru Liviu Sebastyan Jikman fotosərgidə nümayiş etdirilən eksponatların həmin muzeyin arxivlərində saxlanılması barədə məlumat verib. Qeyd edilib ki, ekspozisiyada nümayiş etdirilən 30 fotoya aid izahedici mətnlər Azərbaycan dilində verilib.

Sərgi iyulun 10-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.