MƏDƏNİYYƏT
Milli Kitabxanada Türkiyənin “İLESAM” təşkilatı tərəfindən toplanmış 10 min nüsxə kitabın təqdimetmə mərasimi keçirilib
Bakı, 16 iyul, Məmməd Məmmədli, AZƏRTAC
İyulun 16-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi (İLESAM) tərəfindən toplanmış 10 min nüsxə kitabın təqdimetmə mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə həyata keçirdiyi “Qarabağa kitabla gedək” layihəsi çərçivəsində reallaşıb. Təqdim olunan kitablar Qarabağda fəaliyyəti bərpa ediləcək kitabxanaların fonduna veriləcək.
Tədbirdə çıxış edən Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov bildirib ki, Prezident İlham Əliyev Füzuliyə səfər edəndən sonra biz kitabtoplama kampaniyasına başlamağı qərara aldıq. Məqsəd Prezidentə dəstək olmaq və işğaldan azad edilən torpaqlarda kitabxanaları bərpa etmək idi. Bu kampaniyaya ilk olaraq Azərbaycan Yazıçılar Birliyi qoşulub, sonradan Xalq yazıçısı Elçin Əfəndiyev kitabxanaya 500 kitab hədiyyə edib. Bu gün isə “İLESAM” təşkilatının kitabxanaya 10 min itab bağışladığını diqqətə çatdıran K.Tahirov deyib: “Bizim “İLESAM” təşkilatı ilə əməkdaşlığımız 2017-ci ildə başlayıb. Ümid edirəm yaxın gələcəkdə topladığımız kitabları Qarabağdakı kitabxanaların fondlarına təqdim edəcəyik”.
Mədəniyyət naziri Anar Kərimov Türkiyənin Azərbaycana olan isti münasibətindən söz açıb. Bildirib ki, qardaş ölkə həm müharibə dövründə, həm də dağıdılmış şəhərlərin yenidən qurulmasında, tarixi-mədəni abidələrin bərpa edilməsində dəstəyini əsirgəmir. Qarabağda 900 kitabxananın dağıdıldığını deyən nazir bildirib ki, bu, ən çox ziyan çəkən abidələrimizdir. O, qeyd edib ki, ölkə rəhbərinin çağırışına qoşulmaq üçün Mədəniyyət Nazirliyi bu dəfə “Qarabağa kitabla gedək” layihəsinə başlayıb. “Hər bir vətəndaş bu layihəyə qoşularaq özü ilə kitab gətirə bilər. Artıq bir çox ziyalılarımız bundan əvvəlki kitabtoplama kampaniyasında iştirak edib. Qardaş Türkiyənin kitabxanaya verdiyi kitablar bizim üçün böyük hadisədir”, - deyə nazir vurğulayıb.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar bildirib ki, Türkiyə-Azərbaycan sevgisi yolunda nəsil-nəsil insanlar mübarizəyə qalxıb. Ancaq sovetlər birliyi dövründə bu sevgi divar arxasında qalsa da, buna etiraz edən insanlar araya çəkilən səddi aşırıb, nəticədə qardaş Türkiyə ilə sərhədlər açılıb. Yazıçı hər zaman Türkiyənin bizim tərəfimizdə olduğuna inamını ifadə edib.
Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı deyib: “Bu gün bizim Milli Kitabxanaya kitab hədiyyə etməyimiz Türkiyənin Azərbaycanla olan sıx əlaqələrinin daha bir göstəricisidir. Bu əməkdaşlığı möhkəmləndirmək üçün kitab ən gözəl vasitədir”.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva 44 günlük Vətən müharibədən sonra bütün türkdilli ölkələrdən təbrik məktubu aldığını söyləyib. Bildirib ki, Azərbaycan mədəniyyətinin beşiyi olan Qarabağ bir çox musiqiçi, yazıçı və ziyalıların vətənidir.
“İLESAM”ın rəhbəri Mehmet Nuri Parmaksız bildirib ki, əgər təmsil etdiyi təşkilatı dəstəkləyən qurumlar olmasaydı belə bir tədbiri keçirmək mümkün olmazdı. Qeyd edib ki, “İLESAM”ı dünyanın aparıcı qurumları dəstəkləyir. Təşkilat nəinki türkdilli ölkələrə, eyni zamanda bütün müsəlman dünyasına kitablar hədiyyə edir.
Təşkilat rəhbəri, həmçinin Azərbaycandan da Türkiyəyə kitab aparmaq istədiyini bildirib. O qeyd edib ki, türkiyəli oxucular Azərbaycanı daha yaxından tanımaq üçün qardaş ölkənin tarixini bilməli və yazıçılarını oxumalıdırlar.
Çıxışın sonunda Mehmet Nuri Parmaksız mədəniyyət naziri Anar Kərimova “Alim, şair, yazar və sənətçilər ensiklopediyası” kitabını hədiyyə edib.
Tədbirin sonunda iştirakçılar Milli Kitabxanaya hədiyyə olunan kitabların sərgisi ilə tanış olublar.