CƏMİYYƏT
Milli Kitabxanada Ulu Öndərin anadan olmasının 99-cu ildönümü qeyd edilib
Bakı, 10 may, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının təşkilatçılığı ilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə kitabxananın binasındakı Heydər Əliyev guşəsində Ulu Öndərin büstü önünə gül dəstələri düzülüb, dünyaşöhrətli siyasi xadimin əziz xatirəsinə dərin ehtiram ifadə olunub.
Tədbirdə müasir müstəqil Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Milli Məclisin deputatı Sadiq Qurbanov, UNEC-in rektoru Ədalət Muradov, Milli Kitabxananın direktoru Kərim Tahirov, ictimaiyyət nümayəndələri, ziyalılar, veteranlar, fəal gənclər iştirak ediblər.
Tədbirdə ümummilli lider Heydər Əliyevin həyatından bəhs edən videoçarx nümayiş olunub.
Çıxış edənlər ümummilli lider Heydər Əliyevin Azərbaycanın müasir dövrdə beynəlxalq aləmdə nüfuzunun artmasında müstəsna xidmətlər göstərdiyini bildirib, Ulu Öndərin ölkəmizin qazandığı uğurlarda böyük rolunun olduğunu qeyd ediblər. Vurğulanıb ki, Azərbaycanın iqtisadi qüdrətinin artırılmasının əsasında ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi uzaqgörən strategiya dayanır. Ümummilli Lider bütün gücünü Azərbaycanın uğurları üçün sərf edib.
Çıxışlarda ulu öndər Heydər Əliyevin gənclərə xüsusi önəm verdiyi bildirilib. Ümummilli Liderin Azərbaycan gənclərinin dünyanın nüfuzlu universitetlərində təhsil almaları üçün şərait yaratdığı qeyd edilib.
Həmçinin bildirilib ki, ümummilli lider Heydər Əliyevin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Ölkəmizin müasir dövrdə iqtisadi və siyasi uğurlarının əsasında ümummilli lider Heydər Əliyevin formalaşdırdığı uğurlu siyasi kursun dayandığı vurğulanıb.
Natiqlər ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının qəlbində hər zaman sevinc və qürur hissi ilə xatırlandığını diqqətə çatdırıblar.
Sonra partiyaya yeni qəbul olunmuş üzvlərə YAP vəsiqələri təqdim edilib.