MƏDƏNİYYƏT
Milli Kitabxanada görkəmli bəstəkar Qara Qarayevin xatirəsinə həsr edilmiş kitab sərgisi açılıb
Bakı, 5 fevral, AZƏRTAC
Fevralın 5-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında görkəmli bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, Xalq artisti, akademik Qara Qarayevə həsr olunmuş “Unudulmaz bəstəkar – Qara Qarayev” adlı kitab sərgisi açılıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə dünya musiqi xəzinəsinə “Yeddi gözəl”, “İldırımlı yollarla” baletləri, “Don Kixot”, “Alban rapsodiyası” simfonik qravürləri, “Leyli və Məcnun” simfonik poeması və digər yüzlərlə müxtəlif musiqi janrlarında nadir incilər bəxş edən, Azərbaycan bəstəkarlıq məktəbinin yaranmasında və inkişafında əhəmiyyətli rol oynamış, özünəməxsus yaradıcılıq yolu keçmiş, musiqimizə yeni nəfəs, yeni fikir gətirmiş, milli və bəşəri xarakterli yaradıcılığı ilə gələcəyə yeni yollar açan novator sənətkar Qara Qarayevin not əsərləri, əlyazmaları, səsyazıları və CD-lər, kinofilmlərə və dram tamaşalarına yazdığı musiqi əsərləri, dövri mətbuatda və məcmuələrdə dərc edilmiş məqalələri, habelə Azərbaycan və müxtəlif dünya dillərində həyat və yaradıcılığı haqqında yazılmış 200-dən çox nəşr nümayiş edilir.