MƏDƏNİYYƏT
Milli Kitabxananın 95 illiyinə həsr edilmiş elmi konfransda məruzələr dinlənilib
Bakı, 27 sentyabr, AZƏRTAC
Sentyabrın 27-də Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Milli Kitabxanalarda innovasiyalar - dəyişikliklərin əsası və inkişafın istiqaməti kimi” mövzusunda beynəlxalq elmi-praktik konfrans məruzələrin dinlənilməsi ilə davam edib.
AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən Milli Kitabxananın direktoru Kərim Tahirov kitabxananın 95 illiyinə həsr edilmiş elmi-praktik konfransın əhəmiyyətindən danışıb. Diqqətə çatdırıb ki, tədbirdə qarşılıqlı müzakirələr, fikir mübadilələri, eləcə də dinlənilən məruzələr kitabxana işinin təşkilinə öz töhfəsini verəcək. Dinlənilən məruzələr noyabr ayının sonunadək elmi məcmuə şəklində nəşr olunaraq oxucuların ixtiyarına veriləcək.
Sonra Azərbaycan Milli Kitabxanasının direktor müavini, Əməkdar mədəniyyət işçisi Ədibə İsmayılova “Azərbaycan Milli Kitabxanasının elektron resurs kolleksiyaları” mövzusunda təqdimatla çıxış edib. Bildirib ki, Azərbaycan Milli Kitabxanası 95 il ərzində dövrün, zamanın tələblərinə görə bir çox uğurlara imza atıb. “Milli Kitabxana yaranarkən onun fondunda 5 min kitab olmuşdu, hazırda bu rəqəm 5 milyona yaxındır. 1939-cu ildə kitabxanaya mütəfəkkir, dramaturq və maarifçi Mirzə Fətəli Axundzadənin adı verilib. İllər keçdikcə kitabxananın fəaliyyət dairəsi genişlənmiş, onlarca yeni şöbə yaranmış, fondlarında ədəbiyyat sayı milyonlara çatmışdı. 2017-ci ilin hesabatına görə, Milli Kitabxananın oxucularının sayı 230 min, virtual oxucularının sayı 1 milyon, onun saytından, elektron kitabxanasından istifadə edən oxucuların sayı isə 3 milyondan çoxdur”, - deyə Ə.İsmayılova qeyd edib.
Sonra tədbir məruzələrin dinlənilməsi ilə davam edib. Tədbirdə Qətər Milli Kitabxanasının İcraçı direktoru Sohair Vastavi “Dünyanın ən yeni Milli Kitabxanasında informasiya texnologiyaları”, Martinas Mazvidas adına Litva Milli Kitabxanasının Baş direktoru, Renaldas Gudauskas “Litva Milli Kitabxanası – Müasir dövlət xatirə müəssisəsi”, Slovakiya Milli Kitabxanasının bölmə müdiri Janka Dropkova “Slovakiya Milli Kitabxanasında innovasiyalar”, Rusiya Dövlət Kitabxanasının direktor müavini Natalya Samoylenko “Rusiya Dövlət Kitabxanasının fondlarının dizayn-sərgi fəaliyyəti vasitəsilə açılması”, Bosniya və Herseqovina Milli və Universitet Kitabxanasının direktoru İsmet Ovcina “Rəqəmsal dövrdə milli kitabxanaların elektron resursları: Bosniya və Herseqovina Milli və Universitet Kitabxanası və onun elektron resursları”, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova “Rəqəmsallaşmanın optimallaşdırma yolları: AMEA Mərkəzi Elmi Kitabxanasının Milli Rəqəmsal Yaddaş layihəsinin təcrübəsi əsasında” və başqa məruzələr dinlənilib.