MƏDƏNİYYƏT


Milli Kitabxananın Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində növbəti tədbiri

Bakı, 6 oktyabr, AZƏRTAC

Oktyabrın 6-da Bakı Ekspo Mərkəzinin Üzeyir Hacıbəyli təqdimat zonasında Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə “Xurşidbanu Natəvan” biblioqrafiya kitabının, eləcə də “Xurşidbanu Natəvan” adlı Elektron məlumat bazasının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov açaraq bu il ölkə başçısının müvafiq Sərəncamı ilə Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın 190 illik yubileyinin qeyd olunduğunu bildirib. Yubiley çərçivəsində Milli Kitabxana da Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr olunan bir sıra layihələrin həyata keçirildiyini diqqətə çatdırıb: “Bu gün burada təqdimatını keçirdiyimiz biblioqrafiyanın ilk təqdimatı Şuşa şəhərində Xurşidbanu Natəvanın evinin önündə olub. Təqdimat zamanı Milli Kitabxananın Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr olunan sərgisi də nümayiş olunub”.

Direktor vurğulayıb ki, təqdimat mərasimi çox gözəl bir günə təsadüf edir. Belə ki, ölkəmizdə kitab bayramı 8-ci Bakı Beynəlxalq Kitab Sərgisi keçirilir. Bu kitab bayramında biz Xurşidbanu Natəvanın biblioqrafiyasının yenidən təqdimatını keçiririk.

K.Tahirov qeyd edib ki, bu il ərzində Milli Kitabxana Şuşaya həsr edilən iki biblioqrafiya hazırlayıb. Bunlardan biri Şuşanın mədəniyyətinə, digəri isə Şuşa şəhərinin tarixinə həsr edilib.

Təqdimat mərasimində ADMİU-nun 3-cü kurs tələbəsi Gülçin Qasımova Xurşidbanu Natəvanın “Neçin gəlməz”, “Qərənfil” və “Könlüm” qəzəllərini səsləndirib.

Biblioqrafiyada Xan qızının əsərləri, həyat və yaradıcılığı, ictimai fəaliyyəti haqqında, habelə onun dünyanın ən zəngin kitabxanalarında mühafizə olunan nəşrləri öz əksinin tapıb. Qeyd olunub ki, biblioqrafiya ədəbiyyatşünas alimlər, tədqiqatçılar, jurnalistlər, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Vurğulanıb ki, ilin sonuna kimi Xurşidbanu Natəvanın yaradıcılığı ilə bağlı tədbirləri davam edəcək.

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi çıxış edərək bildirib ki, Xurşidbanu Natəvanın 190 illik yubileyinin qeyd edilməsi ilə bağlı il ərzində çoxsaylı tədbirlər keçirilib. Qeyd edib ki, Milli Kitabxananın hazırladığı bu biblioqrafiya Xurşidbanu Natəvanın yubileyinə bir töhfədir. Milli Kitabxananın bu mövzuda hazırladığı biblioqrafiyalar bütün oxucular, tədqiqatçı-alimlər üçün çox qiymətlidir.

Daha sonra Rusiya Dövlət Kitabxanasının prezidenti Viktor Federov çıxış edərək bildirib ki, təqdim edilən biblioqrafiya nəinki Azərbaycan, eləcə də rus tədqiqatçıları üçün qiymətli nəşrdir.

Elmi Kitabxananın direktoru Nigar İsmayılova, AMEA Əlyazmalar İnstitutunun əməkdaşı Sona Xəyal və digərləri çıxış edərək “Xurşidbanu Natəvan” biblioqrafiya kitabının nəşrini yüksək qiymətləndiriblər.

Tədbirlərdə Albaniya, Rusiya, Latviya və Qırğızıstan kitabxanalarının direktorları və əməkdaşları iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.