Milli Kitabxananın əməkdaşları MDB kitabxanaçılarının beynəlxalq konfransında iştirak ediblər
AzerTAg.az
Bakı, 29 iyun, AZƏRTAC
İyulun 29-da Azərbaycan Milli Kitabxanasının Elmi-tədqiqat və metodik təminat şöbəsinin müdiri Aygün Koçak və Kolleksiyaların və informasiya resurslarının mühafizəsi şöbəsinin müdiri Şəhla Nağıyeva “Birlik ölkələrinin mədəni və təbiət irsi: kitabxanaların rolu və yeri” adlı MDB kitabxanaçılarının beynəlxalq konfransında iştirak ediblər.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbir Qırğızıstan Respublikasının Karakol şəhərində keçirilən “Karakol – 2022-ci il Birliyin mədəniyyət paytaxtı” adlı dövlətlərarası proqram çərçivəsində gerçəkləşib.
Konfransda Alıqul Osmonov adına Qırğızıstan Respublikasının Milli Kitabxanasının direktoru Nurjan İmankulova “Qırğızıstan kitabxanaları ekoloji təhsil və mədəni dəyərlərin təbliği sistemində” adlı məruzə ilə çıxış edib.
Daha sonra Rusiya Dövlət Kitabxanası, B.N.Yeltsin adına Rusiya Prezident Kitabxanası, M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanası, Qərbi Qazaxıstan Həmzə Esenjanov adına Uşaq və Gənclər Vilayət Kitabxanası və T.Sıdıkbekov adına İssık-Kul Vilayət Kitabxanasının əməkdaşları müxtəlif mövzulara toxunublar.
Azərbaycan Milli Kitabxanasının Elmi-tədqiqat və metodik təminat şöbəsinin müdiri Aygün Koçak “Azərbaycan Milli Kitabxanasının əhalinin ekoloji mədəniyyətinin formalaşmasında rolu” adlı məruzə və təqdimatla çıxış edib.

Xəbərin mətnində orfoqrafik səhv var