CƏMİYYƏT


Milli Kodeks Sisteminin yaradılması üçün Azərbaycana dəstək layihəsi çərçivəsində növbəti görüş keçirilib

Bakı, 14 iyul, AZƏRTAC

Kodeks Alimentarius Milli Komissiyasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən irəli sürülən “Dayanıqlı və yüksək səviyyədə təşkil olunmuş Milli Kodeks Sisteminin yaradılması üçün Azərbaycan Respublikasına dəstək” layihəsi çərçivəsində növbəti görüşü keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, videokonfrans formatında keçirilən görüşdə Qida Təhlükəsizliyi Agentliyinin, Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Qida Nəzarəti Departamenti nəzdində olan Türkiyə Milli Kodeks Komitəsinin, FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin nümayəndələri iştirak ediblər.

Görüşdə layihə haqqında qısa məlumat verilib, Türkiyə ilə müvafiq sahədə həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlər və növbəti atılacaq addımlar müzakirə olunub.

Bildirilib ki, milli alt komitələrin yaradılması, Kodeks mətnlərindən milli səviyyədə istifadə edilməsi üzrə Türkiyə təcrübəsinin bölüşülməsi, Azərbaycan Milli Kodeks komandasına birbaşa məsləhət verilməsi, müvafiq istiqamətlər üzrə online və ya fiziki formatda təlimlərin keçirilməsi, eləcə də təcrübə mübadiləsi aparmaq üçün qarşılıqlı təlim səfərlərinin təşkili istiqamətində tədbirlərin həyata keçirilməsi gələcək əməkdaşlığın əsas istiqamətlərindəndir.

Qeyd edək ki, Kodeks Alimentarius Komissiyası BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən “Birgə Qida Standartları Proqramı” çərçivəsində təsis edilmiş 189 üzvü olan hökumətlərarası orqandır. Azərbaycan 2011-ci ildən bu Komissiyanın üzvüdür. Prezidentin müvafiq Fərmanı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Kodeks Alimentarius Komissiyasında Azərbaycan Respublikasının milli əlaqələndirici qurumu təyin edilib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.