MƏDƏNİYYƏT


Milli Konservatoriyada şair-publisist Gülhüseyn Kazımlının 70 illik yubileyi qeyd edilib

Bakı, 28 yanvar, AZƏRTAC

Azərbaycan Milli Konservatoriyasında (AMK) şair-publisist, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlının anadan olmasının 70 illiyi münasibətilə yubilyarla görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Milli Konservatoriyanın rektoru, Xalq artisti Səyavuş Kərimi çıxış edərək yubilyarın muğama, musiqiyə olan diqqət və marağından söz açıb. Bildirib ki, o, uzun illər dövlət işlərində çalışsa da, hər zaman musiqi, ədəbiyyat və muğam onun qəlbində xüsusi yer tutub. Bu gün də bu sahədə fəaliyyətini yorulmadan davam etdirir. Onun tanınmış muğam ifaçılarımıza həsr etdiyi tədqiqatlar əsasında ərsəyə gətirdiyi kitablar muğam sənətimiz üçün dəyərli töhfələrdir: “Yubilyar bu yaxınlarda Gürcüstanda Fəxri fərmanla təltif edildi. Bu da Gülhüseyn Kazımlının yorulmaz fəaliyyətinə verilən yüksək qiymətdir. Tarixi araşdırıb bəyan etmək, aylarla axtarış aparmaq, böyük səbir və eyni zamanda, sevgi tələb edir. O, muğam və musiqi sahəsində tədqiqatlarını məhz bu sevginin nəticəsində bizlərə gözəl şəkildə təqdim edir”.

Tədbirdə Xalq artisti , AMK-nın professoru Mənsum İbrahimov çıxışı zamanı yubilyarı təbrik edərək onu muğam ifaçılarının yaxın dostu adlandırıb. Vurğulayıb ki, müxtəlif sahələrdə yüksək vəzifələrdə çalışmasına baxmayaraq, o, həmişə musiqiyə bağlı insan olub. Hələ gənc yaşlarında görkəmli xanəndə, Xalq artisti Arif Babayev haqqında bir povest yazıb. Biz Beynəlxalq Muğam Mərkəzində dəfələrlə birlikdə tədbirlərdə olmuşuq. O yüksək daxili mədəniyyəti və özünün musiqiyə xüsusi münasibəti ilə seçilir.

Əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədov yubilyarı təbrik edərək onun yol yoldaşlığı, təşkilatçılığı, özünəməxsus yumora malik insan kimi xüsusiyyətlərindən söz açıblar.

Görüşdə filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy, AMK-nın müəllimi , Əməkdar artist Təyyar Bayramov çıxış edərək yubilyarı təbrik ediblər.

Qeyd edək ki, Gülhüseyn Kazımlı 1950-ci ildə Cəbrayıl rayonunun Kavdar kəndində anadan olub. O, “Vətən sevgisi” (1978), “Yollarda ömür” (1981), “Mənə inan” (1983), “İnsanın dərki” (1995), “Ümid yeri” (2003), “Heydər Əliyevin yadigarları” (2004) və “Seçilmiş əsərləri” (2010) kitablarının müəllifidir.

Şeirlərinə Azərbaycanın məşhur bəstəkarlarından Şəfiqə Axundova, Azər Rzayev, Oqtay Rəcəbov, Tofiq Babayev, Əfsər Cavanşirov, Nəriman Məmmədov və digərləri tərəfindən 30-dan çox mahnılar bəstələnib. “Vətən sevgisi”, “Qadın əlləri”, “Məhəbbət”, “Əsgər yuxuları” kimi mahnılar bu qəbildəndir. Onun mahnılarını məşhur müğənnilər Baba Mirzəyev, Zaur Rzayev, Flora Kərimova, Eldar Axundov, Oqtay Ağayev, Eyvaz Həsənov, Səkinə İsmayılova kimi müğənnilər ifa ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.