MƏDƏNİYYƏT


Milli Konservatoriyada unudulmaz bəstəkar Cahangir Cahangirovun 100 illiyinə həsr edilmiş konfrans keçirilib

Bakı, 22 iyun, AZƏRTAC

İyunun 22-də Azərbaycan Milli Konservatoriyasında (AMK) görkəmli bəstəkar, Xalq artisti Cahangir Cahangirovun 100 illiyinə həsr olunmuş onlayn elmi-praktik konfrans keçirilib.

AMK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konfransda Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, elmi işlər üzrə prorektoru, Əməkdar incəsənət xadimi Lalə Hüseynova və ali məktəbin professor-müəllim heyəti iştirak ediblər.

Konfransda çıxış edən rektor Siyavuş Kərimi C.Cahangirov yaradıcılığına xüsusi maraq və sevgisindən danışıb. “1940-cı illər Azərbaycandakı musiqi yaradıcılığı mənim üçün hər zaman böyük maraq kəsb etmişdir və C.Cahangirov musiqisi bu maraq içərisində xüsusi yerə sahibdir. Onun əsərləri daim səslənir, eşidilir və əbədiyaşardır. Biz bəstəkarı daha dərindən tanımalı, onun musiqisini yüksək səviyyədə araşdırmalıyıq. Hesab edirəm ki, C.Cahangirov yaradıcılığının daha böyük diqqət və tədqiqata ehtiyacı vardır”, - deyə rektor söyləyib.

Akademiyanın elmi işlər üzrə prorektoru Lalə Hüseynova “C.Cahangirov yaradıcılığında Cənub səhifələri” mövzusunda çıxış edib. O, bəstəkarın 1941-46-cı illərdə Təbriz şəhərindəki yaradıcılıq fəaliyyətindən danışıb. Onun buradakı geniş yaradıcı fəaliyyəti, xor və digər musiqiçi qruplarla apardığı işlərdən söhbət açıb. Xüsusilə C.Cahangirov tərəfindən Təbrizdə yazılmış “Demokratik Azərbaycanın himni” əsəri haqqında geniş məlumat verib, əsərin bir hissəsini ifa edərək konfrans iştirakçılarının diqqətinə çatdırıb. L.Hüseynova da C.Cahangirov kimi böyük bəstəkarın yaradıcılığının geniş tədqiqata ehtiyacı olduğunu vurğulayıb və Milli Konservatoriyanın bu məsələ ilə bağlı ciddi araşdırma aparacağına söz verib.

Daha sonra konfransda AMK-nın bir neçə professor-müəlliminin müxtəlif mövzularda çıxışları dinlənilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.