MƏDƏNİYYƏT
Milli Konservatoriyanın tələbəsi İtaliyada uğur qazanıb
Bakı, 4 iyul, AZƏRTAC
Azərbaycan Milli Konservatoriyasının ifaçılıq (xalq çalğı alətləri - balaban) fakültəsinin birinci kurs tələbəsi Ramin Pələngov İtaliyada “Testene Art San Marino” beynəlxalq musiqi müsabiqəsinin qalibi olub.
Konservatoriyadan AZƏRTAC-a bildirilib ki, Ramin Pələngov 20-dək ölkənin təmsil olunduğu müsabiqədə Azərbaycan xalq mahnısı “Sarı gəlin”i və İtaliyanın “O Sole Mio” mahnısını ifa edib. Birinci yerə layiq görülən Ramin Pələngov müsabiqənin kuboku ilə mükafatlandırılıb.
İyulun 4-də Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi Ramin Pələngovu təbrik edib. Bildirib ki, milli musiqinin təbliğində bu səpkili uğurların böyük əhəmiyyəti var. Konservatoriyanın istedadlı tələbələrinin dünya musiqisində mükafatlandırılması ölkəmiz üçün böyük nailiyyətdir. Tələbələrin bu yöndə inkişafı və dünya mədəniyyətində qabiliyyətlərini nümayiş etdirməsi üçün konservatoriya hər cür dəstək göstərməyə hazırdır.
Qeyd edək ki, müsabiqə iştirakçıları layihə çərçivəsində İtaliyanın Florensiya və Venesiya şəhərlərinə gedərək İtaliya mədəniyyəti ilə daha yaxından tanış olublar.