REGİONLAR


Milli Konstitusiyamız müstəqillik və dövlətçilik tariximizdə yeni səhifə açıb

Qax, 12 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının qəbul olunması çağdaş tariximizin ən mühüm hadisələrindən biridir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən milli Konstitusiya ölkəmizdə hüquqi və demokratik dövlət quruculuğu üçün möhkəm zəmin yaradıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Konstitusiya Günü münasibətilə noyabrın 12-də Qax şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə səsləndirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək, ilk milli Konstitusiyanın dövlətçiliyimizin formalaşması və inkişafında böyük əhəmiyyəti olduğunu bildirib. Ümumbəşəri və demokratik dəyərlərə əsaslanan milli Konstitusiyanın müstəqillik və dövlətçilik tariximizdə yeni səhifə açdığını vurğulayan icra hakimiyyətinin başçısı müstəqil Azərbaycanın demokratik dəyərlərə əsaslanan Əsas Qanununun qəbul olunmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini önə çəkib.

Tədbirdə çıxış edənlər Azərbaycanın yeni Konstitusiyasının beynəlxalq hüquq normalarına uyğun, insan hüquq və azadlıqlarına geniş yer ayıran və dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət edən mükəmməl normativ-hüquqi sənəd olduğunu vurğulayıblar. Bildirilib ki, ümumbəşəri və demokratik dəyərlərə əsaslanan milli Konstitusiyada hüquqi dövlətin əsas prinsiplərindən olan hakimiyyət bölgüsü, beynəlxalq hüquqi sənədlərdə və konvensiyalarda əksini tapan bütün hüquq və azadlıqların təminatı prinsipləri, həmçinin cəmiyyət həyatının ən önəmli məsələləri geniş əksini tapıb.

Çıxış edənlər Əsas Qanunun qəbul edilməsindən ötən 24 il ərzində Azərbaycanda demokratik və hüquqi dövlət quruculuğu sahəsində böyük uğurların qazanıldığını, mühüm qanunvericilik aktlarının qəbul edildiyini xüsusi vurğulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.