CƏMİYYƏT
Milli Məclis sədrinin müavini: Cəbrayıl rayonunun azad edilməsi Ordumuzun digər ərazilərimizə yolunu açdı
Bakı, 4 oktyabr, AZƏRTAC
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın işğalından azad etdikləri ilk rayon Cəbrayıl olub.
Tariximizin bu qürurverici hadisəsi 2020-ci il oktyabrın 4-nə təsadüf etdi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində sürətlə irəliləyən qəhrəman əsgərlərimiz hərbi əməliyyatların başlanmasından bir həftə sonra Cəbrayıl şəhərini düşmən tapdağından azad etdilər. Müharibənin birinci günündə - 27 sentyabrda isə Ermənistan ordusunun mifləşdirdiyi “Ohanyan xətti” - onların ən çox möhkəmləndiyi xətt üzərində yerləşən Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilmişdi. Cəbrayıl rayonunun azad edilməsi Ordumuzun o zaman işğal altında olan digər ərazilərimizə, xüsusən də strateji əhəmiyyətə malik Hadrut qəsəbəsinə, eləcə də Xocavənd, Qubadlı, Zəngilan və Laçın istiqamətində yolunu açdı.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini Adil Əliyev söyləyib.
Onun sözlərinə görə, Cəbrayıl rayonunun ərazisində yerləşən, Azərbaycan milli kimliyini və tarixini təcəssüm etdirən Araz çayı üzərindəki Xudafərin körpüsünün azad edilməsi əsgərlərimizin döyüş ruhunu daha da yüksəltmiş, xalqımızın qürur mənbəyinə çevrilmişdir. Təsadüfi deyildir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan bayrağını Xudafərin körpüsü üzərində dalğalandırıb.
Xudafərin körpüsü tarixən mühüm siyasi-coğrafi və strateji əhəmiyyət daşıyıb. Xüsusən də Qarabağ xanları bu körpüyə ciddi diqqət yetirib və daim onu nəzarətdə saxlamağa çalışıblar. Xudafərin körpüsündən əlavə, Cəbrayıl bəyləri tariximizdə, xüsusən Qarabağ xanlığının tarixində özünəməxsus yer tutublar, Cəbrayıl bağları isə öz gözəlliyi və bərəkəti ilə məşhur olub.
“1994-cü il yanvarın 5-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş uğurlu Horadiz əməliyyatı sayəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. 2016-cı ilin Aprel döyüşləri nəticəsində isə strateji Lələtəpə yüksəkliyinin azad edilməsi Cocuq Mərcanlıda həyatın normal axına düşməsi üçün zəmin yaratdı. Orada Prezident İlham Əliyevin birbaşa nəzarəti ilə böyük bərpa və yenidənqurma işləri icra edildikdən sonra Cocuq Mərcanlıya doğma sakinlərinin qayıdışı mümkün oldu. Bununla da torpaqlarımıza Böyük Qayıdışın bünövrəsi qoyuldu.
Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarətdir. Həm iqtisadi potensialına görə, həm də tarixi abidələri və sosial-mədəni obyektlərinə görə zəngin olan rayon işğal dövründə tamamən dağıdılmış və vandalizmə məruz qalmışdır. Cəbrayıl rayonunun işğaldan azad edilməsindən sonra bərpa və quruculuq işlərinə başlanmışdır.
Bu gün Cəbrayıl rayonu yeni yaradılmış Şərqi Zəngəzur iqtisadi rayonuna daxildir. Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan Araz Vadisi İqtisadi Zonası 200 hektarlıq sahəni əhatə edən geniş bir layihədir və Cəbrayıl rayonunun inkişafında önəmli rol oynayacaq.
Hazırda rayonda bir sıra sosial, mədəni, iqtisadi və infrastruktur obyektlərin təməli qoyulub və inşasına başlanıb. Cəbrayıl sakinlərinin öz doğma torpaqlarına qayıdışı üçün ilk çoxmənzilli yaşayış kompleksi inşa edilir”, - deyən Milli Məclis sədrinin müavini fikirlərini yekunlaşdırıb.