SİYASƏT


Milli Məclis sədrinin müavini Qazaxıstanda beynəlxalq parlament konfransında iştirak edib

Bakı, 22 noyabr, AZƏRTAC

Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri, Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Adil Əliyev Qazaxıstanın Birinci Prezidenti Gününə həsr olunmuş “Elbası. Müstəqillik. Parlament” adlı beynəlxalq parlament konfransında iştirak edib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Elbası Nursultan Nazarbayevin ümumxalq seçkisi ilə Qazaxıstanın birinci prezidenti seçilməsinin 30 illiyi ərəfəsində təşkil edilmiş beynəlxalq tədbirdə çıxış edən Adil Əliyev ölkələrimiz arasındakı dostluq münasibətlərinin tarixi kökləri və bu günü barədə danışıb. Bildirib ki, ölkələrimiz arasında Qazaxıstanın birinci Prezidenti - elbası Nursultan Nazarbayev və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş mehriban qonşuluq, qarşılıqlı etimad və strateji tərəfdaşlıq münasibətlərinin inkişafı üzrə uzunmüddətli strategiya bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd olunub ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ikitərəfli münasibətlərimizdə xüsusi rol oynayır. Türk Şurasının adının dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılması isə şübhəsiz ki, təşkilatın statusunu daha da yüksəldəcək.

Milli Məclis sədrinin müavini iki ölkə arasındakı münasibətlərin inkişafında Türkdilli Ölkələrin Parlament Assambleyasının xüsusi rolunu da qeyd edib. Bildirilib ki, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyətinin TÜRKPA-nın 10-cu plenar iclasında iştirak etmək üçün bu ilin sentyabrında Türküstan şəhərinə işgüzar səfəri, eləcə də Nur-Sultan şəhərinə rəsmi səfəri ölkələrimizin parlamentlərarası əməkdaşlığının inkişafına xüsusi təkan verib.

Beynəlxalq konfransdan sonra Adil Əliyev Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulinlə görüşərək ikitərəfli parlamentlərarası əməkdaşlıq barədə müzakirələr aparıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.