SİYASƏT


Milli Məclis sədrinin müavini bir qrup Vətən müharibəsi iştirakçısı ilə görüşüb

Bakı, 22 fevral, AZƏRTAC

Fevralın 22-də Milli Məclisin gənclər və idman komitəsində Vətən müharibəsi qəhrəmanlarının bir qrupu ilə növbəti görüş keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Milli Məclis sədrinin müavini, gənclər və idman komitəsinin sədri Adil Əliyev ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənclər siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasının prioritet kimi müəyyənləşdirilməsindən söhbət açıb.

Aprel döyüşlərindən başlayan Zəfər salnaməmizin sonradan Günnüt əməliyyatı, habelə Tovuz rayonunda törədilmiş təxribatın qarşısının alınması ilə davam etməsi, aparılan uğurlu hərbi əməliyyatların məntiqi yekunu olaraq sonda “Dəmir yumruq” hərbi əməliyyatının həyata keçirilməsi söhbət mövzusu olub. Bildirilib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qüdrətli Ordumuzun göstərdiyi qəhrəmanlıqlar, habelə istifadə etdiyi döyüş taktikası nəticəsində Ermənistana vurulan zərbələrdən sonra düşmən hələ uzun illər özünə gələ bilməyəcək.

Görüşdə 44 günlük müharibə nəticəsində düşmənin məğlub olaraq 30 il müddətində işğal altında saxladığı torpaqlarımızı geri qaytarması ilə yanaşı, müharibədə qazandığımız Qələbənin diplomatik müstəvidə də ölkə başçısı tərəfindən uğurla davam etdirilməsi nəticəsində Ermənistanın işğal altında olan digər ərazilərimizi bir güllə belə atmadan təhvil verməyə məcbur edilməsi qürurla qeyd olunub.

Söhbət zamanı qazanılmış Zəfərə görə hərbi qulluqçularımız qarşısında borclu olmağımız qeyd edilib, şəhid ailələrinin və qazilərimizin daim diqqət və qayğı ilə əhatə olunması, onların problemlərinin həlli məqsədilə “Yaşat” Fondunun yaradılmasından razılıq ifadə olunub.

Görüşün sonunda Vətən müharibəsinin iştirakçılarına Milli Məclisin gənclər və idman komitəsinin Fəxri fərmanı təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.