İQTİSADİYYAT


Milli Məclisdə 2023-cü ilin dövlət büdcəsi layihəsi qəbul edilib

Bakı, 9 dekabr, AZƏRTAC

Dekabrın 9-da Sahibə Qafarovanın sədrliyi ilə parlamentin payız sessiyasında növbəti plenar iclası keçirilib. İclasda Baş nazir Əli Əsədov və hökumətin üzvləri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, iclasın gündəliyinə 29 məsələnin daxil edildiyini diqqətə çatdıran Sahibə Qafarova onlardan 16-sının 2023-cü ilin dövlət büdcəsi və büdcə zərfinə daxil edilən qanun layihələri olduğunu bildirib. O qeyd edib ki, bu qanun layihələri üçüncü oxunuşda olan məsələlərdir.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Bildirib ki, 2023-cü ilin dövlət büdcəsi layihəsi 1 aydan çoxdur ki, Milli Məclisin komitələrində və plenar iclaslarında ətraflı və geniş müzakirə edilməkdədir. Maliyyə və İqtisadiyyat nazirliklərinin, Mərkəzi Bankın, Hesablama Palatasının və digər dövlət orqanlarının rəhbərləri layihələr barədə həm komitə iclaslarında, həm də plenar iclaslarda ətraflı məlumatlar veriblər. Büdcə müzakirələrində ümumi olaraq millət vəkilləri 127 dəfə çıxış ediblər. Onları maraqlandıran suallara aidiyyəti qurumların rəhbərləri, Milli Məclisin müvafiq komitələrinin üzvləri tərəfindən ətraflı izahatlar verilib. Dövlət büdcəsi layihəsinin geniş və peşəkar müzakirələrində hökumət üzvlərinin aktiv iştirak etməsi Milli Məclislə Hökumət arasında olan səmərəli əməkdaşlığın bariz nümunəsidir.

Komitə sədri diqqətə çatdırıb ki, 2023-cü ilin dövlət büdcəsi layihəsinin Milli Məclisin plenar iclasında ikinci oxunuşda qəbul edilmiş layihəsinə bir sıra dəyişikliklər edilib və üçüncü oxunuşda təqdim olunmuş layihədə bu dəyişikliklər öz əksini tapıb. Nəzərə çatdırılıb ki, Azərbaycan Prezidentinin 2022-ci il 27 oktyabr tarixli Fərmanına uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin strukturunda dəyişikliklər edilərək Naxçıvan Muxtar Respublikası üzrə Dövlət Təhlükəsizlik Xidmətinin Baş idarəsi, 2022-ci il 28 noyabr tarixli Fərmanına uyğun olaraq isə Dövlət Gömrük Komitəsinin strukturunda dəyişikliklər edilərək Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb. Yeni yaradılmış Baş İdarələrin maliyyələşdirilməsinin Muxtar Respublikanın büdcəsindən deyil, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən həyata keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, Muxtar Respublikanın büdcəsinin gəlirlərinin bir hissəsini təmin edən 53 milyon 278 min manat həcmində gömrük daxilolmalarının dövlət büdcəsinin gəlirlərinə aid edilməsi, həmçinin yeni yaradılmış Dövlət Təhlükəsizlik Xidmətinin Baş İdarəsinin saxlanılması üçün tələb olunan 11.1 milyon manat, Naxçıvan Baş Gömrük İdarəsinin saxlanılması üçün tələb olunan 20.1 milyon manat, “Avtomobil Yolları” məqsədli büdcə fondunun xərclərinə 0.5 milyon manat vəsaitin Muxtar Respublikanın büdcəsinin xərclərindən azaldılaraq dövlət büdcəsinin xərclərində planlaşdırılması zərurəti yaranmışdır.

Qeyd olunub ki, Milli Məclisdə aparılan müzakirələr zamanı dövlət büdcəsinin bəzi maddələrində də ümumi məbləğə təsir etməyən düzəlişlər yeni layihədə öz əksini tapıb. Belə ki, Naxçıvan Muxtar Respublikasının büdcəsinin 2023-cü il gəlirləri və xərclərində edilən dəyişikliklərə müvafiq olaraq muxtar respublikanın büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 614.7 milyon manat təşkil edir. Muxtar respublikanın gəlir və xərclərini tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan dotasiyanın yuxarı həddi 482.4 milyon manat səviyyəsində müəyyən edilir. Layihənin gəlirlər hissəsində “sair daxil olmalar maddəsi” iki hissəyə bölünərək göstərilir, əlavə olaraq “2023-cü il yanvarın 1-nə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondunun vəsaitinin qalığı” ayrıca maddə ilə göstərilir. Qanun layihəsinin 5-ci maddəsində dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirləri mənbələri siyahısında istisna kimi göstərilən “Naxçıvan Muxtar Respublikasının gömrük orqanları tərəfindən toplanılanlardan başqa” cümləsi çıxarılır. Dövlət büdcəsi layihəsinin xərclər hissəsində 7-ci maddəyə 20 dəyişiklik edilir. Bu dəyişikliklər barədə Milli Məclisin noyabrın 25-də keçirilən plenar iclasında maliyyə naziri Samir Şərifov tərəfindən ətraflı məlumat verilib.

Komitə sədri bildirib ki, təklif edilən dəyişikliklər nəzərə alınmaqla 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 53 milyon 278 min manat artırılaraq 30 milyard 773 milyon 978 min manat, xərcləri isə 53 milyon 278 min manat artırılaraq 33 milyard 353 milyon 278 min manat nəzərdə tutulub. Dövlət büdcəsi kəsirinin dəyişmədən 2 milyard 579.9 milyon manat, neftin bir barelinin orta illik qiymətinin isə 50 dollar olacağı ssenarisi əsasında 2023-cü ildə inflyasiyanın orta illik göstəricisinin 6.9 faiz, Ümumi Daxili Məhsulun real artım tempinin 2,7 faiz, orta aylıq əməkhaqqının isə 898 manat olacağı proqnozlaşdırılır. İcmal büdcənin gəlirləri və xərcləri eyni səviyyədə, yəni gəlirləri 33 milyard 26 milyon manat, xərcləri 37 milyard 969 milyon manat, kəsiri isə 4 milyard 944 milyon manat təşkil edəcək. O, dəyişikliklərin Büdcə qaydasının tələblərinə uyğun olduğunu və icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti hədəflənən yuxarı hədd göstəricisini keçmədiyini deyib.

T.Mirkişili üçüncü oxunuşda müzakirəyə çıxarılan dövlət büdcəsi layihəsinin 2023-cü il üçün ölkəmiz qarşısında yaranan çağırışlara layiqli cavab vermək və bütün istiqamətlərdə, o cümlədən sosial, təhlükəsizlik və bərpa istiqamətində dövlət siyasətini həyata keçirmək üçün mühüm maliyyə bazası yaradacağını deyib.

Sonra Milli Məclisin sədri 2023-cü ilin dövlət büdcəsi layihəsi ilə bağlı birinci və ikinci oxunuş zamanı yazılan 80 nəfərə yaxın deputatın hamısının çıxış etdiyini bildirib.

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı “Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” (üçüncü oxunuş) və “İşsizlikdən Sığorta Fondunun 2023-cü il büdcəsi haqqında” (üçüncü oxunuş) qanun layihələrini təqdim edib. Qeyd olunub ki, hər iki layihə birinci və ikinci oxunuşlarda geniş müzakirə edilib və üçüncü oxunuşda heç bir təklif və düzəliş olmayıb.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bu qanun layihələri barədə təmsil etdiyi komitənin rəyinin müsbət olduğunu deyib.

“Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” və “İşsizlikdən Sığorta Fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verib. O, bu layihə ilə bağlı birinci və ikinci oxunuşlarda ətraflı məlumat verildiyini, deputatlar tərəfindən hər hansı təklif və iradın daxil olmadığını söyləyib, sənədin səsə qoyulmasını xahiş edib.

Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı layihəyə dair təmsil etdiyi komitənin müsbət rəyini bildirib.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra deputat Məlahət İbrahimqızı “Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, qanun layihəsinin hərtərəfli müzakirə olunduğunu və heç bir təklifin daxil olmadığını deyib, üçüncü oxunuşda səsə qoyulmasını xahiş edib.

Tahir Mirkişili rəhbərlik etdiyi İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sənəd barədə müsbət rəy verdiyini diqqətə çatdırıb. Komitənin sədr müavini Əli Məsimli də layihə barədə öz fikirlərinin açıqlayıb.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Sənəd barədə birinci və ikinci oxunuşda ətraflı məlumat verildiyini deyən komitə sədri, qanunvericilik təşəbbüsü subyekti tərəfindən qanun layihəsi ilə bağlı Milli Məclisə dəyişiklik daxil olduğunu söyləyib. O qeyd edib ki, üçüncü oxunuşda təqdim olunan layihədə bu dəyişiklik öz əksini tapıb. Bildirilib ki, 227-ci maddədə işğaldan azad olunmuş ərazilərdə qeydiyyatdan keçmiş rezidentlər tərəfindən istehsal fəaliyyəti üçün idxal olunan xammal və materialların 2023-cü il yanvarın 1-dən 10 il müddətinə ƏDV-dən azad olunması göstərilir. Daxil olmuş dəyişiklik bunun əhatə dairəsinin daha da genişləndirilməsini, yəni yalnız xammal və materiallar deyil, eyni zamanda, texnika və texnoloji avadanlıq və qurğuların da növbəti il yanvarın 1-dən etibarən 10 il müddətinə ƏDV-dən azad olunmasını nəzərdə tutur.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Sonra komitə sədri Tahir Mirkişili Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verib. Bildirib ki, layihə gömrük əməkdaşlarının sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə hazırlanıb. O, birinci və ikinci oxunuşlarda hər hansı bir irad və təklifin daxil olmadığı deyib, sənədin səsə qoyulmasını xahiş edib.

Deputat Razi Nurullayev məsələ barədə öz fikirlərini açıqladıqdan sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) diqqətə çatdırıb. O, layihənin birinci və ikinci oxunuşlarda həm komitə iclaslarında, həm də plenar iclaslarda geniş müzakirə olunduğunu, üçüncü oxunuş üçün heç bir dəyişikliyin olmadığını bildirib, sənədə səs verilməsini xahiş edib. Sənəddə təklif olunan dəyişikliyə görə sığorta stajının müddətinin 3 il artırılaraq 2026-cı ilə qədər uzadılması nəzərdə tutulur.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra deputat Məlahət İbrahimqızı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, layihənin birinci və ikinci oxunuşları zamanı hər hansı qeyd və təklifin daxil olmadığını söyləyib. Təklif olunan dəyişiklik işğaldan azad edilmiş ərazilərdə qeyri-dövlət qeyri-neft-qaz sektoru üzrə 10 il müddətində məcburi dövlət sosial sığorta haqqının subsidiyalaşdırılması mexanizmini, o cümlədən tətbiq ediləcək kontingent və şərtləri müəyyən edir.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) də təqdim edib. Bildirilib ki, sənəd əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsinin uzadılmasına görə dövlət rüsumunun məbləğini müəyyən edir. İkinci oxunuşdan sonra layihədə heç bir düzəliş edilməyib.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək miqrasiyası proseslərinin tənzimlənməsi ilə əlaqədar olaraq Miqrasiya Məcəlləsinə bəzi dəyişikliklər təklif olunur. İkinci oxunuşdan sonra sənədə hər hansı təklif daxil olmayıb.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsinə dair məlumat verib. O, üçüncü oxunuş üçün layihəyə heç bir təklif edilmədiyini söyləyib və sənədi dəstəkləməyi xahiş edib. Dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssisə bu ərazilərdə işləmək üçün azı bir il müddətinə bağlanılmış əmək müqaviləsi olduqda, ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün 2023-cü il yanvarın 1-dən 5 il müddətinə birdəfəlik müavinət müəyyən olunur.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra deputat Məlahət İbrahimqızı Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Dəyişikliklərə əsasən, məcəlləyə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssis" anlayışı əlavə olunur. Həmin mütəxəssislərə güzəşt və imtiyazlar nəzərdə tutulur.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat verib. O, qanun layihəsinin ikinci oxunuşda Milli Məclisin plenar iclasında qəbulundan sonra komitəyə heç bir iradın daxil olmadığını deyib, sənədi dəstəkləməyi xahiş edib.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat verib. O bildirib ki, layihə icbari tibbi sığorta büdcədənkənar fondunun yaradılması ilə əlaqədardır. Sənəddə icmal büdcənin tərkib hissəsi olacaq icbari tibbi sığorta fondunun gəlir və xərclərinin icmal büdcənin gəlir və xərclərində nəzərə alınması qaydası müəyyən edilir. Layihə birinci və ikinci oxunuşlarda dəstəkləndikdən sonra heç bir dəyişiklik edilməyib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Sonra komitə sədri Tahir Mirkişili "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O deyib ki, layihə özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə nağdsız ödənişlərin minimum həddini müəyyən edir. Birinci və ikinci oxunuşlardan sonra sənədə dair hər hansı irad və təklif daxil olmayıb.

İclasda deputat Sabir Rüstəmxanlı bəzi məsələlərlə bağlı fikirlərini açıqlayıb.

Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, bununla da büdcə zərfinə daxil olan bütün qanun layihələri üçüncü oxunuşda qəbul edilib. O, çıxış üçün Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova söz verib.

Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin Milli Məclisdə fəal müzakirəsinə, qaldırılan vacib məsələlərə, suallara, dəyərli təklif və tövsiyələrə görə deputatlara təşəkkürünü bildirib.

Baş nazir plenar və komitə iclaslarında deputatların verdiyi sualların Hökumətin iqtisadi blokuna daxil olan qurumların rəhbərləri tərəfindən cavablandırıldığını deyərək, qaldırılan bir sıra məsələlərlə bağlı fikirlərini açıqlayıb.

Əli Əsədov bildirib ki, iki il bundan əvvəl Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımız rəşadətli Ordumuz tərəfindən işğaldan azad edilib, ölkəmizin ərazi bütövlüyü bərpa olunub. 44 günlük Vətən müharibəsində qazanılan şanlı tarixi Qələbədən sonra Prezident İlham Əliyev qlobal iqtisadi prosesləri, o cümlədən postpandemiya və postmünaqişə dövrünün çağırışlarını nəzərə alaraq, 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i təsdiq edib. Baş nazir deyib ki, əsas istiqamətləri əhatə edən Milli Prioritetlər qarşıdakı illərdə ölkə iqtisadiyyatının davamlı və yüksək artımını təmin edir. Milli Prioritetlərin icrası iki dövrə bölünüb. Birinci dövr 2022-2026-cı illəri əhatə edir və bununla bağlı “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” cənab Prezidentin Sərəncamı ilə təsdiq edilib.

Müəyyən edilmiş 5 Milli Prioritetin hər birinin vacibliyini vurğulayan Baş nazir Milli Prioritet kimi müəyyən edilən işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın mənəvi baxımdan mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. O qeyd edib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı” Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq olunub.

Sonra o, bununla əlaqədar bir neçə göstəricini diqqətə çatdırıb. Bildirilib ki, ilkin hesablamalara görə, İnkişaf Strategiyasının icrası məqsədilə ümumilikdə büdcədən 32,7 milyard manat vəsait tələb olunur, bunun 19,2 milyard manatı (58,7%) işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin edilməsinə yönəldiləcək. 2023-cü ilin dövlət büdcəsinə gəldikdə, İnkişaf Strategiyası ilə nəzərdə tutulan layihə və tədbirlərin maliyyələşdirilməsi üçün 5,2 milyard manat vəsait nəzərdə tutulub ki, onun da 3 milyard manatı işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı xərclərdir. Son iki ildə isə Böyük Qayıdış planının layihəsinə dövlət büdcəsindən 5,8 milyard manatdan çox vəsait yönəldilib.

Baş nazir çıxışında deyib ki, 2023-cü il dövlət büdcəsinin fəlsəfəsi “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nı əhatə edir. Azərbaycan Respublikasının icmal və dövlət büdcəsinin parametrləri ortamüddətli dövr üçün sosial-iqtisadi inkişaf göstəricilərinə əsaslanaraq tərtib edilib. Strategiyaya əsasən, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisinin hədəflənən yuxarı həddi 2023-cü ilin sonuna 25 faiz nəzərdə tutulub. Ortamüddətli dövrün sonuna isə hədəf 17,5 faizdir. Ümumi dövlət borcunun ÜDM-ə nisbət göstəricisinin yuxarı həddi ortamüddətli dövr üzrə 20% müəyyən edilib. Hazırda birbaşa xarici dövlət borcunun ÜDM-ə nisbəti 10% təşkil edir.

O, Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası istiqamətində mühüm işlərin görüldüyünü, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin, xüsusilə Zəngəzur dəhlizinin açılmasının Azərbaycanın inkişafına böyük təkan verəcəyini vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa iştirakı və rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələrin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, habelə işğaldan azad olunmuş ərazilərə verilən vergi, gömrük, sosial sığorta, investisiya təşviqi, kredit və digər güzəştlər paketinin həmin ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyasına, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi fəallığın təmin olunmasına xidmət edəcəyini söyləyib.

Əli Əsədov Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin müdafiə potensialının və ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsinin, onun müasir hərbi texnika və silah-sursatla təchizatı və hərbçilərin sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılmasının hər zaman əsas xərc istiqamətlərindən biri olduğunu bildirib. O, bu istiqamətdə gələn ilin büdcə xərclərinin 16 faizi həcmində vəsaitin nəzərdə tutulduğunu deyib.

Baş nazir deputatların təmsil etdikləri regionlarda məşğulluq, infrastruktur, kommunal, enerji, su, qazlaşma və digər sosial xidmət sahələrində keyfiyyətin yüksəldilməsi, yolların təmiri və bu qəbildən olan digər məsələlərin həll edilməsi üçün təkliflərlə çıxış etdiklərini deyərək, bu məsələlərin əksəriyyətinin Strategiya, habelə investisiya proqramları çərçivəsində vaxtında həll edilməsi üçün Hökumət tərəfindən ardıcıl işlər görüldüyünü söyləyib.

Əli Əsədov xarici şokların təsirinin minimuma endirilməsı və ölkənin inkişafının ahəngdarlığının təmin edilməsi məqsədi ilə büdcə qaydasına uyğun olaraq, yeni makro-fiskal çərçivə formalaşdırıldığını və dövlət büdcəsinin əsas göstəricilərinin müəyyən olunması zamanı nəzərə alındığını qeyd edib.

Bildirilib ki, növbəti ilin dövlət büdcəsində əhalinin, şəhid ailələrinin, qazilərin sosial müdafiəsi və sosial təminatının gücləndirilməsi üzrə islahatların davam etdirilməsi, inflyasiya təzyiqi nəzərə alınmaqla həssas əhali qruplarına sosial dəstək tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur. 2023-cü ilin dövlət büdcəsinin cari xərclərinin 67 faizi məhz sosialyönümlü xərclərdir.

Qeyd edilib ki, yüksək inflyasiya fonunda qlobal artım sürətinin zəifləməsi dünya iqtisadiyyatını tənəzzül ilə üz-üzə qoyur. Qlobal iqtisadiyyata inteqrasiya etmiş Azərbaycan da inflyasiya təzyiqləri ilə üzləşir. Azərbaycanın dərman vasitələri üzrə daxili tələbatının 95 faizdən çoxunu idxal etdiyini deyən Baş nazir qeyd olunan səbəblərin dərman qiymətlərinə və təminatına da mənfi təsir etdiyini söyləyib. O, dərman vasitələrinin qiymətlərinin Tarif Şurası tərəfindən müvafiq qaydalara uyğun tənzimləndiyini deyib. Son zamanlar Azərbaycanda bir neçə adda dərman vasitəsinin çatışmazlığı və təchizatı problemi ilə əlaqədar məsələ qaldırıldığını, bununla bağlı vəziyyətin hökumət tərəfindən nəzarətə götürüldüyünü, hazırda həyati vacib dərmanların təminatında hər hansı bir ciddi çətinliyin müşahidə olunmadığını bildirib.

Əli Əsədov dünya ərzaq bazarlarındakı vəziyyətlə bağlı, əksər ölkələrdə olduğu kimi, Azərbaycan üçün də ərzaq təminatı və ərzaq təhlükəsizliyi, idxaldan asılılıq səviyyəsinin azaldılması məsələlərinin daha da aktuallaşdığını deyib. O, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında Antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” 2022-ci il 21 fevral tarixli Sərəncamının icrası istiqamətində bir çox vacib tədbirlərin görüldüyünü qeyd edib. Bildirib ki, növbəti ildə ərzaq təhlükəsizliyi tədbirləri üçün büdcə xərclərinin həcmi artırılır və cari ilə nisbətən 38,6% çoxdur. Ümumiyyətlə, dünyada və regionda baş verən geosiyasi proseslərə və çətinliklərə baxmayaraq, ölkəmizdə ərzaq ehtiyatı ilə bağlı hər hansı problem yoxdur. O qeyd edib ki, qiymət artımı ilə əlaqədar hökumət tərəfindən əhalinin real gəlirlərinin və alıcılıq qabiliyyətinin qorunması üçün inflyasiya təzyiqlərinin azaldılması istiqamətində zəruri tədbirlər görülür.

Diqqətə çatdırılıb ki, hökumət tərəfindən Strategiya çərçivəsində fiskal sahədə islahatların davam etdirilməsi, fiskal dayanıqlıq və tənzimləmənin, maliyyə intizamının təkmilləşdirilməsi ilə bağlı tədbirlər nəzərdə tutulub. Səmərəsiz vergi və gömrük güzəşt və azadolmadan itirilən gəlirlərin bərpası üçün qiymətləndirmələr aparılaraq, bu məsələlərə yenidən baxılması diqqətdə saxlanılacaq. İri dövlət şirkətlərində korporativ idarəetmənin təkmilləşdirilməsi və büdcədən asılılığın azaldılması sahəsində islahatlar davam etdiriləcək. Strategiya çərçivəsində təhsil sahəsində islahatların aparılması, eləcə də ümumi təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçiriləcək. Ölkənin ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi və ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsinə və onların təyinatı üzrə istifadə edilməsinə nəzarət gücləndirilib.

Çıxışının sonunda Baş nazir aparılan səmərəli müzakirələrə, verilən təklif və tövsiyələrə görə bir daha Milli Məclisin sədri Sahibə Qafarovaya və deputatlara minnətdarlığını bildirib. Ölkə Prezidenti tərəfindən müəyyən edilmiş sosial-iqtisadi siyasətin uğurla həyata keçirilməsi, ölkəmizin inkişafı və xalqımızın rifah halının yüksəldilməsi naminə göstərdikləri qanunvericilik fəaliyyətində onlara uğurlar arzulayıb.

Milli Məclisin sədri Sahibə Qafarova iclasda iştirak etdiklərinə görə Baş nazirə və hökumətin üzvlərinə təşəkkürünü bildirib. Onlara Azərbaycanın inkişafı naminə dəyərli fəaliyyətlərində, dövlət büdcəsinin və digər büdcə sənədlərinin icrasında uğurlar arzulayıb.

Sonra iclası aparan Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli diqqətə çatdırıb ki, gündəliyin növbəti iki məsələsi Milli Məclisin qərar layihələridir. Bu məsələlər Azərbaycan Respublikası Milli Məclisinin və Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü il üçün xərclər smetası ilə bağlıdır. Milli Məclisin noyabrın 16-da keçirilmiş iclasında qeyd edilib ki, qanunvericiliyə uyğun olaraq, bu qərar layihələri dövlət büdcəsi ilə eyni vaxtda qəbul edilməlidir.

Sonra deputatlar Milli Məclisin bu qərar layihələrinə münasibət bildiriblər.

Azərbaycan Respublikası Milli Məclisinin 2023-cü il üçün xərclər smetası haqqında və Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü il üçün xərclər smetası haqqında Milli Məclisin qərar layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

Gündəliyin 19-cu məsələsi olan “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsi (üçüncü oxunuş) barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, layihə həm birinci, həm də ikinci oxunuşda geniş müzakirə olunub. O, ikinci oxunuş zamanı qanunvericilik subyekti ilə razılaşdırılmış düzəlişlər və əlavələr barədə deputatlara məlumatın verildiyini, eyni zamanda, səsləndirilən sualların ətraflı cavablandırıldığını deyib.

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc sənəd barədə rəhbərlik etdiyi komitənin müsbət rəyini bildirəndən sonra Konstitusiya qanununun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.

Gündəliyin 20-ci məsələsi olan “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsi barədə məlumatı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib. O, qanun layihəsinin əvvəlki oxunuşlarından söz açıb, müzakirələrdə deputatların irəli sürdüyü təkliflərin qanunvericilik təşəbbüsü hüququnun subyekti tərəfindən qəbulu barədə danışıb, bu dəyişiklik və əlavələrin qanunun icrası mexanizmlərinin təkmilləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Qanun layihəsi səsvermədən keçərək üçüncü oxunuşda qəbul olunub.

Gündəliyin növbəti iki məsələsi – ikinci oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində və “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri bir-biri ilə bağlı qanun layihələri olduğu üçün Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov onlar haqqında məlumatı birgə təqdim edib.

Kamal Cəfərov maksimal sürəti saatda 50 km/s-dan artıq olan bütün nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı ilə təmin edilməsi və dayanma və ya durma qaydalarının pozulması ilə bağlı bütün növ inzibati xətalara görə məsuliyyətin müəyyən edilməsi ilə bağlı olan qanun layihələrinin əvvəlki oxunuşunda qaldırılan məsələlərə aydınlıq gətirib.

Deputatlar Vüqar Bayramovun və İltizam Yusifovun məsələlərlə bağlı fikirləri və təklifləri dinlənildikdən sonra bu iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Növbəti məsələ - “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012-2022)” yubiley medalının və “ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” medalın təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov məlumat verib. O bildirib ki, qanun layihəsində adları çəkilən iki yeni medalın “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanuna əlavə edilməsi və onların əsasnamələrinin və təsvirlərinin təsdiqi təklif olunur.

Məsələ ilə bağlı deputatlar Fazil Mustafa, Hikmət Məmmədov və Cavid Osmanovun fikirləri dinlənildikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli Miqrasiya Məcəlləsində və “Ələt azad iqtisadi zonası haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) müzakirəyə təqdim edib. O, bildirib ki, layihədə Ələt azad iqtisadi zonasında fəaliyyət üçün əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisinə daxil olması, müvəqqəti qalması məsələlərinin tənzimlənməsi üçün hüquqi əsaslar müəyyən edilir.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili sənədlə bağlı komitəsinin müsbət rəyini təqdim edəndən sonra qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul olunub.

Gündəliyin növbəti bir-biri ilə bağlı olan 25-ci, 26-cı və 27-ci məsələlərini İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev təqdim edib.

“Telekommunikasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı diqqətə çatdırılıb ki, sənəddə radiotezlik resurslarının müddətli (10 il müddətinə) ayrılması, radiotezliklərdən istifadənin əsaslarının müəyyən olunması nəzərdə tutulub. Layihəyə əsasən, beynəlxalq və ölkə səviyyəli tədbirlərin, o cümlədən idman yarışlarının keçirildiyi müddətdə radiotezlik istifadəçilərinin radiotezlik zolaqlarından istifadə hüququ dövlət təhlükəsizliyi məqsədləri üçün müstəsna hallarda məhdudlaşdırıla bilər. Radiotezliklərin müddətli ayrılmasına keçidlə əlaqədar olaraq, radiotezlik istifadəçilərinə vurulan zərərə görə kompensasiya ödənilir.

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində (birinci oxunuş) təklif edilən dəyişikliklər ölkə ərazisində radiotezliklərdən istifadə üzrə radioelektron vasitələrin layihələndirilməsi, quraşdırılması və istismar edilməsi ilə bağlı tələblərin, habelə müəyyən edilən güc meyarı həddindən artıq olan radioötürücülərin xüsusi icazə olmadan əldə edilməsinin və idxalının qadağan edilməsinin hüquqi əsaslarının müəyyən edilməsi məqsədilə hazırlanıb.

“Lisenziyalar və icazələr haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) "Telekommunikasiya haqqında" qanuna uyğun olaraq, terminlərin dəqiqləşdirilməsini nəzərdə tutur.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, müzakirə olunan məsələ ilə bağlı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov və nazirliyin hüquq şöbəsinin müdiri Elvin Məmmədov iclasda iştirak edirlər. Sahibə Qafarova diqqətə çatdırıb ki, 26-cı məsələyə Hüquq siyasəti və dövlət quruculuğu komitəsində də baxılıb və məsələ ilə bağlı məlumat vermək üçün sözü komitənin üzvü Nizami Səfərova təqdim edib.

Qanun layihəsinə komitədə müsbət rəy verildiyini deyən Nizami Səfərov bildirib ki, Azərbaycan Respublikasında radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması qaydalarının pozulması layihə ilə müəyyən edilmiş inzibati məsuliyyətə səbəb olur.

Sənədlərin müzakirəsində deputatlar Musa Qasımlı, Qüdrət Həsənquliyev, Hikmət Məmmədov çıxış edərək layihələrlə bağlı fikirlərini bildiriblər, qeydlərini səsləndiriblər. Deputatlar çıxışlarında Milli Məclisin sədri Sahibə Qafarovanı Türkmənistana rəsmi səfəri çərçivəsində bu ölkənin "Əməkdaşlığın inkişafına töhfəyə görə" Dövlət ordeni ilə təltif olunmasına görə təbrik ediblər və ürək sözlərini çatdırıblar.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili və komitənin bu qanun layihələri üzrə məruzəçisi Elnur Allahverdiyev deputatların qeydlərinə aydınlıq gətiriblər.

Milli Məclisin sədri Sahibə Qafarova səsləndirilən məsələlərə münasibətini bildirib, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin deputatların Azərbaycanın efir məkanının xarici müdaxilələrdən qorunması ilə bağlı qaldırdıqları məsələni diqqətə almasını tövsiyə edib.

Hər üç qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Sonra parlamentin spikeri bildirib ki, gündəliyin son iki məsələsi cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və bir-biri ilə bağlı qanun layihələridir. Ona görə də qanun layihələri ilə bağlı məlumatlar birgə təqdim olunub.

“Telekommunikasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə məlumat verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev bildirib ki, qanun layihəsi mobil cihazların qeydiyyatının aparılmasının hüquqi əsaslarını müəyyən edir və qeydiyyatın aparılmasından yayınmaq məqsədilə mobil cihazın İMEİ (International Mobile Equipment Identification) nömrəsinin dəyişdirilməsinin və ya surətinin köçürülməsinin, habelə İMEİ nömrələri mobil cihazların qeydiyyat sisteminin qara səhifəsində olan mobil cihazlara mobil operator tərəfindən telekommunikasiya xidmətlərinin göstərilməsinin qadağan edilməsi və müvafiq məsuliyyətin nəzərdə tutulması ilə bağlıdır.

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) təqdim edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov diqqətə çatdırıb ki, İnzibati Xətalar Məcəlləsinə yeni maddənin əlavə olunması, ilk növbədə cinayətkarlıqla mübarizənin gücləndirilməsinə və həmçinin qeydiyyat üçün tələb olunan rüsumu ödəməmək cəhdlərinin, habelə istehlaka yararsız olan və beynəlxalq GSM assosiasiyası tərəfindən dəstəklənməyən mobil cihazların bazarda təqdim edilməsinin qarşısının alınması məqsədinə xidmət edir.

Qanun layihəsi ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev komitənin müsbət rəy verdiyini diqqətə çatdırıb.

Layihələrin müzakirəsində deputatlar Etibar Əliyev, Sabir Rüstəmxanlı və Naqif Həmzəyev çıxış ediblər, fikirlərini bölüşüblər.

Sonra hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyulub və birinci oxunuşda qəbul olunub.

Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.