SİYASƏT


Milli Məclisdə Əfqanıstanın və İraqın Azərbaycandakı səfirləri ilə görüşlər keçirilib

Bakı, 7 oktyabr, AZƏRTAC 

Oktyabrın 7-də Milli Məclisin sədri Oqtay Əsədov Əfqanıstanın Azərbaycandakı səfiri Mohammad Taqi Xalili ilə görüşüb.

Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Oqtay Əsədov səfirə şərəfli və məsuliyyətli işində uğurlar arzulayıb, onun ölkəmizdə diplomatik fəaliyyəti müddətində əlaqələrimizin daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyinə inamını ifadə edib.

Sədr əməkdaşlığımızın daha yüksək səviyyəyə çatdırılmasında ölkə başçılarının qarşılıqlı səfərlərinin və görüşlərinin mühüm rol oynadığını söyləyib. Bildirib ki, Azərbaycan və Əfqanıstan arasındakı iqtisadi əlaqələrin inkişafı üçün geniş imkanlar mövcuddur. İki ölkə arasında ticarət dövriyyəsinin artırılması günün tələbidir.

Oqtay Əsədov münasibətlərimizin inkişafında parlamentlərin roluna diqqət çəkərək bildirib ki, Milli Məclisdə və Əfqanıstan Milli Assambleyasında parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyət göstərməsi təqdirəlayiqdir. Deputatların nüfuzlu beynəlxalq qurumlarda mütəmadi görüşləri təcrübə və informasiya mübadiləsi baxımından çox önəmlidir. Gələcəkdə dostluq qruplarının fəaliyyətinin gücləndirilməsi ümumi məqsədlərə xidmət edir.

Səfir Mohammad Taqi Xalili diplomatik fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin genişləndirilməsində səylərini əsirgəməyəcəyini söyləyib. O, xalqlarımızın tarixən dost və qardaş olduğunu vurğulayıb, ölkələrimizin bir sıra regional və beynəlxalq təşkilatların bərabərhüquqlu üzvü kimi fəal əməkdaşlıq etdiklərini deyib. Qeyd edilib ki, Əfqanıstan Azərbaycanla təkcə siyasi, iqtisadi deyil, həyatın bütün sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir.

Görüşdə regional münaqişələrin həlli yolları, bölgədə gedən proseslər fonunda informasiya mübadiləsi, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi və digər məsələlər ətrafında müzakirələr aparılıb.

X X X

Həmin gün Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə diplomatik fəaliyyətini başa vurmaqda olan İraqın Azərbaycandakı səfiri Heydər Şiya Əl-Bərrak ilə görüşüb.

Sədr ümidvar olduğunu bildirib ki, gələcəkdə diplomat harada çalışmasından asılı olmayaraq, Azərbaycanla əlaqələrin inkişafına səlahiyyətləri çərçivəsində dəstək verəcək.

Qeyd edilib ki, Heydər Şiya Əl-Bərrak Azərbaycanda fəaliyyəti dövründə ümumi tarixi, dini və mədəni köklərə malik xalqlarımız arasında əlaqələrin inkişafı üçün səylərini əsirgəməyib. Azərbaycan tərəfi ümid edir ki, ölkələrimiz arasındakı qarşılıqlı əlaqələr gələcəkdə də yüksək səviyyədə olacaq.

Vurğulanıb ki, Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizəyə ilk qoşulan ölkələrdən olub, İraqda sabitliyin və təhlükəsizliyin təmin edilməsi məqsədilə sülhməramlı əməliyyatlarda fəal iştirak edib.

Milli Məclisin sədri inandığını bildirib ki, İraq hökuməti tezliklə ölkə iqtisadiyyatının güclənməsinə və təhlükəsizliyinin daha da möhkəmlənməsinə nail olacaq. Bu işdə Azərbaycan İraqa daim dəstək verməyə hazırdır.

Oqtay Əsədov Milli Məclisdə İraqla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyət göstərdiyini söyləyib, yaxın gələcəkdə İraq parlamentində də belə bir qrup yaradılacağına ümidvar olduğunu deyib. Diqqətə çatdırıb ki, deputatlarımız Parlamentlərarası İttifaq, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı kimi mötəbər parlament qurumlarında birgə səmərəli fəaliyyət göstərirlər.

Səfir Heydər Şiya Əl-Bərrak Azərbaycandan xoş təəssüratla ayrıldığını deyib. O qeyd edib ki, xalqlarımızı bir-birinə sıx bağlayan mənəvi tellər əməkdaşlığımızın inkişafı üçün yaxşı zəmin yaradır. İraq Azərbaycanla siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələri gələcəkdə də inkişaf etdirmək niyyətindədir. Bunun üçün lazımi şərait və geniş imkanlar mövcuddur.

Söhbət zamanı regiondakı ictimai-siyasi vəziyyət, bölgədəki münaqişələrin aradan qaldırılması və əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.