Milli Məclisdə Azərbaycan-Əfqanıstan əməkdaşlığının perspektivlərindən bəhs edilib
AzerTAg.az
Bakı, 10 iyun, AZƏRTAC
İyunun 10-da Milli Məclisdə ADA Universitetində təlim keçən Əfqanıstan İslam Respublikasının diplomatları ilə görüş keçirilib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Milli Məclisin Əfqanıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Musa Qasımlı Azərbaycan-Əfqanıstan parlamentlərarası əlaqələrindən danışıb. O, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın haqq işinə verdiyi dəstəyə görə Əfqanıstan dövlətinə, parlamentinə və xalqına təşəkkürünü ifadə edib.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva 30 il Ermənistanın işğalı altında qalan torpaqlarımızın azad edilməsi ilə Cənubi Qafqaz regionunda davamlı sülhün və əmin-amanlığın təmin olunması üçün münbit şərait yarandığını bildirib. Bölgədə yaranmış yeni reallıq və azad olunmuş ərazilərdə həyata keçirilən layihələrdən söz açıb.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə Azərbaycanın tarixi və mədəniyyəti, parlament ənənələri, Şərq aləmində ilk parlamentin məhz Azərbaycanda yarandığı, ölkənin siyasi sistemi, müstəqil dövlətimizin ali dəyərləri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın 2020-ci ildə qazandığı şanlı Qələbənin bölgə üçün əhəmiyyəti və bir sıra digər mühüm məsələlər barədə gənc əfqan diplomatlara məlumat verib.
Milli Məclisin deputatları ADA Universitetinin həyata keçirdiyi bu proqram çərçivəsində müxtəlif ölkələrdən gələn gənc diplomatların Azərbaycanla tanışlıq imkanı qazanmasından məmnun olduqlarını bildiriblər. Bu proqramın həyata keçirilməsində Milli Məclisin ADA ilə yaxından əməkdaşlıq etdiyini nəzərə çatdırıblar.
Azərbaycan-Əfqanıstan əməkdaşlığının perspektivlərinə toxunan deputatlar xalqlarımız arasındakı tarixi bağlardan danışıb, əlaqələrimizin daha da gücləndirilməsinin vacibliyini qeyd ediblər. Azərbaycan parlamentinin nümayəndələri gənc əfqanıstanlı diplomatları maraqlandıran suallara cavab verib, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb və tövsiyələrini bildiriblər.
Görüşdə Əfqanıstanın Azərbaycandakı səfiri Amanullah Ceyhun və digər rəsmi şəxslər də iştirak ediblər.


Xəbərin mətnində orfoqrafik səhv var