SİYASƏT


Milli Məclisdə Azərbaycan-Çin münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub

Bakı, 14 noyabr, AZƏRTAC

Noyabrın 14-də Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr şöbəsi katibinin müavini Li Çjunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə QHT-lərin və Strateji Araşdırmalar Mərkəzinin nümayəndələri də iştirak ediblər.

Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirdi ki, Çinlə işçi qrupu Milli Məclisdə ən böyük işçi qruplarından biridir. Parlamentin beş komitəsinin sədrləri də bu qrupun üzvləridir.

Qeyd olundu ki, bu gün Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında münasibətlər yüksək səviyyədədir. Çin Kommunist Partiyasının 2017-ci ilin oktyabrında keçirilmiş XIX qurultayı barədə danışan Siyavuş Novruzov qurultayın uğurla keçməsi münasibətilə təbriklərini çatdırdı. Bildirdi ki, həmin qurultayda qəbul olunmuş qərarlar təkcə Çin xalqı üçün deyil, həm də Orta Asiya və Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb edir.

2017-ci il oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin fəaliyyətə başladığını xatırladan Siyavuş Novruzov bildirdi ki, gələcəkdə bu yol Çindən Böyük Britaniyaya qədər uzanaraq Asiya ilə Avropanı birləşdirəcək.

Qeyd edildi ki, bu gün Çin iqtisadiyyatı dinamik inkişaf edir, dünya iqtisadiyyatında öz payını artırır və qlobal risklərin qarşısının alınmasında böyük rol oynayır.

Siyavuş Novruzov mötəbər beynəlxalq tədbirlərdə həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Çin dövlətinə minnətdarlığını bildirdi.

Li Çjun diqqətə çatdırdı ki, Çin və Azərbaycan ötən 25 il ərzində qarşılıqlı münasibətlərdə böyük uğurlara imza atıblar. Hər iki ölkənin hakim partiyaları arasında münasibətlərin yüksək səviyyədə olması da bu sahədə öz sözünü deyir. O, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin XIX qurultayında müzakirə olunmuş məsələlər və qəbul olunmuş qərarlar barədə ətraflı məlumat verdi.

Söhbət zamanı Çinin inkişafında elmi-texniki tərəqqinin rolu barədə də fikir mübadiləsi aparıldı.

Görüşdə çıxış edən Milli Məclisin komitə sədrləri Ziyad Səmədzadə, Eldar İbrahimov, Hadi Rəcəbli və İsa Həbibbəyli Çin iqtisadiyyatının inkişafı, bu inkişafın gələcəkdə də davam etməsi üçün görülən işlər barədə fikirlərini bildirdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.