SİYASƏT


Milli Məclisdə Fransa xəbər portalının nümayəndə heyəti ilə görüş keçirilib

Bakı, 17 may, AZƏRTAC

Mayın 17-də Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun bir neçə üzvü Fransanın “Musulmans en France” xəbər portalının nümayəndə heyəti ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Milli Məclisin Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov qonaqları salamlayaraq Azərbaycan-Fransa əlaqələri barədə danışıb. Ulu öndər Heydər Əliyevin dövründən başlayaraq Azərbaycanın Fransa ilə əlaqələrinin mühüm əhəmiyyət daşıdığını deyən deputat Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşməsinə verdikləri töhfələrdən bəhs edib.

Deputat 44 günlük Vətən müharibəsi və müharibədən sonrakı dövrdə Fransada Azərbaycana qarşı aparılan bədxah kampaniyadan, qərəzli qətnamələrdən, ədalətsiz hücumlardan, beynəlxalq hüquqa zidd bəyanatlardan təəssüflə söz açıb. O, bu hərəkətlərin Cənubi Qafqazda dayanıqlı sülhə və əmin-amanlığa zərbə vurduğunu qeyd edib. Deputat “Musulmans en France” xəbər portalının timsalında həqiqətlərin, beynəlxalq hüququn və ədalətin tərəfində dayanan Fransa media mənsublarına təşəkkürünü bildirib.

Fransanın “Musulmans en France” xəbər portalının təsisçisi və baş redaktoru Jan Mişel Brun öz növbəsində bəzi siyasətçilərin və parlamentarilərin məlum mövqeyinin bütün Fransaya aid olmadığını vurğulayıb. Qonaq media məkanında informasiya müharibəsinin indi də davam etdiyini bildirərək Azərbaycanla bağlı həqiqətlərin Fransa ictimaiyyətinə daha keyfiyyətli və müntəzəm çatdırılmasının əhəmiyyətindən söz açıb.

Görüşdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva və Fransa Milli Elmi-Tədqiqatlar Mərkəzinin (CNRS) islamşünas alimi, Paris Tədqiqatlar Ali Məktəbinin doktoru Karim İfrak da çıxış edərək Azərbaycan mədəniyyətinin, multikulturalizminin və tolerantlığının Fransada tanıdılmasının əhəmiyyətindən danışıblar, bu istiqamətdə həyata keçirilməli olan tədbirlər haqqında fikirlərini bildiriblər.

Görüşdə Milli Məclisin Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Kamal Cəfərov, fransalı jurnalist Sara Durmen və digər rəsmi şəxslər də iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.