SİYASƏT


Milli Məclisdə “Könüllülər Parlamenti – Azərbaycan, 2019” layihəsinin açılışı olub

Bakı, 18 fevral, AZƏRTAC

Fevralın 18-də parlamentdə Azərbaycan Respublikası Milli Məclisi və “ASAN Könüllüləri” Təşkilatının birgə əməkdaşlığı ilə “Könüllülər Parlamenti - Azərbaycan, 2019” layihəsinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdən əvvəl tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzüblər.

Toplantı Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə açıq elan olunub.

Sonra “ASAN Könüllülər” Təşkilatının sədri Səbinə Cabbarova təmsil etdiyi qurum və layihə haqqında ətraflı məlumat verib. Bildirilib ki, “ASAN Könüllülər” təşkilatı 5 ildir fəaliyyət göstərir. Bu müddət ərzində vətənpərvərlik, təhsil, ekologiya, mədəniyyət, dövlətçilik, fərdi inkişaf və digər sahələr üzrə yerli və beynəlxalq layihələr həyata keçirilib. Bunlardan biri də “Könüllülər Parlamenti - Azərbaycan, 2019” layihəsidir. Layihə artıq üçüncü dəfədir ki, həyata keçirilir. Əsas məqsəd ölkə gənclərinin siyasi, sosial, ekoloji və hüquqi biliklərinin hərtərəfli inkişaf etdirilməsi üçün onlara dəstək vermək, vətəndaş mövqeyini ifadə etməyi stimullaşdırmaqdır.

Gələcək planlar barədə söhbət açan təşkilatın sədri qeyd edib ki, “ASAN Könüllülər” tərəfindən bu yaxınlarda TÜKRSOY-un türkdilli dövlətlərdən olan gənclərinin I beynəlxalq simulyasiyası həyata keçiriləcək.

Parlament aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov çıxış edərək Milli Məclis rəhbərliyi adından tədbir iştirakçılarını salamlayıb və işlərində uğurlar diləyib. O bildirib ki, Prezident İlham Əliyevin Fərmanı ilə 2012-ci ildə yaradılmış “ASAN xidmət”in fəaliyyəti artıq beynəlxalq səviyyədə geniş tanınır. Quruma Birləşmiş Millətlər Təşkilatı səviyyəsində diqqət göstərilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan hüquqi islahatlar bu yeni strukturun yaradılmasını təmin edib. Qısa müddət ərzində qurum tərəfindən milyonlarla insana müxtəlif xidmətlər göstərilib. Azərbaycan vətəndaşları ilə yanaşı, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də bu xidmətlərdən yararlanıblar.

Qeyd edilib ki, ölkədə qanunvericilik hakimiyyətini həyata keçirən Milli Məclis qanun yaradıcılığı, Konstitusiya ilə müəyyən edilmiş digər önəmli fəaliyyətləri həyata keçirir. “Könüllülər Parlamenti - Azərbaycan, 2019” layihəsi Milli Məclisin nümunəsi əsasında təşkil olunub və iştirakçılara bu təcrübədən yararlanaraq müxtəlif mövzular ətrafında müzakirələr aparmaq, siyasi təhlil bacarıqlarını göstərmək imkanı yaradılır.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin insan resursları və təlim şöbəsinin müdiri Orxan Dəmirli deyib ki, 15 nəfərlə başlayan “ASAN Könüllüləri” bu gün artıq 17 mindən çox gənci əhatə edir və “ASAN Könüllüləri” hərəkatına çevrilib. Hərəkat çərçivəsində yüzlərlə layihə həyata keçirilib. Həmin layihələr “ASAN Könüllüləri”nə daxil olmayan gəncləri də əhatə edib və təxminən 50 min gənci əhatə edən tədbirlər həyata keçirilib.

Qeyd edilib ki, “Könüllülər Parlamenti” layihəsi artıq üçüncü dəfədir həyata keçirilir. Bu layihə ilə gənclərin siyasi, qanunvericilik proseslərində iştirakı təmin olunur. Layihədə 1300-ə yaxın gənc iştirakçı olmaq istəyib. Onlardan 50-si iştirakçı seçilib. Dörd gün davam edəcək layihə çərçivəsində gənclər qanunvericilik prosesini öyrənəcək, özləri qanun layihələri hazırlayıb komitələrin müzakirəsində iştirak edəcək, deputatlarla görüşəcək, parlamentdə Heydər Əliyev muzeyini ziyarət edəcəklər.

Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin sektor müdiri Fuad Babayev deyib ki, 2012-ci ildən fəaliyyət göstərən “ASAN xidmət” dünyada Azərbaycan brendi kimi tanınır. Qeyd edib ki, “ASAN xidmət” dünyada Azərbaycanla bağlı gözəl imic formalaşdırıb, o cümlədən daxildə vətəndaşlar üçün böyük imkanlar açıb, vətəndaş-dövlət münasibətlərini tamamilə fərqli bir mərhələyə çıxarıb.

Gənclər Fondunun gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Seymur Hüseynov bildirib ki, “ASAN Könüllüləri” təşkilatı hazırda ölkədə fəaliyyət göstərən ən fəal gənclər hərəkatlarından biridir. “ASAN Könüllüləri” Gənclər Fondu ilə birgə bir çox layihələr həyata keçirir. Prezident İlham Əliyev gənclərimizin savadlı, dünyagörüşlü, sağlam, vətənpərvər və müasir çağırışlara hazır olmalarına böyük önəm verir. Azərbaycan dövlətinin gənclər siyasəti də məhz belə gənclərin yetişdirilməsinə istiqamətlənib.

Açılış mərasimindən sonra “Könüllülər Parlamenti - Azərbaycan, 2019” layihəsinin iştirakçıları komitə iclaslarında işlərini davam etdiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.